Ukrayna Zaporojye AES-ə PUA-larla hücum etdi
Rusiyanın nəzarətində olan Zaporojye Atom Elektrik Stansiyasının (AES) nəqliyyat binasının Ukrayna ordusunun pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirdiyi hücumlar nəticəsində zərər gördüyü bildirilib.
"Cebheinfo.az" xəbər verir ki, Zaporojye AES-in sosial media hesabında yayımlanan açıqlamada Ukraynanın stansiyanın nəqliyyat bölməsinə qarşı ən azı 14 PUA ilə hücum təşkil etdiyi qeyd olunub.
Bildirilib ki, hücumlardan biri nəqliyyat binasının qaraj hissəsində yanğına səbəb olub. Qaraj və texniki xidmət sahəsində yerləşən binalarda da ziyan meydana gəlib.
Açıqlamada davam edən hücum təhlükəsi və aparılan araşdırmalara qoyulan məhdudiyyətlər səbəbindən dəymiş ziyanın həcminin hələ tam müəyyənləşdirilmədiyi vurğulanıb.
Məlumatda hücumlar nəticəsində ölən və ya yaralananın olmadığı bildirilib. Həmçinin qeyd edilib ki, stansiya əməkdaşları obyektin təhlükəsiz və sabit fəaliyyətini davam etdirməsi üçün zəruri tədbirlər görürlər.
Zaporojye AES Avropanın ən böyük atom elektrik stansiyası hesab olunur. Rusiya ordusu Ukraynada müharibənin başlamasından sonra, 2022-ci ilin mart ayında stansiyaya nəzarəti ələ keçirmişdi.
Nigar Hacılı
"Cebheinfo.az"

