Professora yığılan 40 min manatı ailəsi mənimsəyib?

Professora yığılan 40 min manatı ailəsi mənimsəyib?

Xəbər verdiyimiz kimi, kirayə pulunu ödəyə bilmədiyi üçün küçədə gecələyən professor Fazil Qaraoğlu aprelin 5-də 3 otaqlı mənzilə yerləşdirilib.

Bildirək ki, Heydər Əliyev Fondu professorun birillik kirayə haqqını öz üzərinə götürüb.

İlk gündən ona dəstəyini əsirgəməyən “Qanun” Nəşrlər Evinin təsisçisi və rəhbəri Şahbaz Xuduoğlunun paylaşımından sonra professora maddi yardım edilməyə başlandı və nəticədə 39 275 manat vəsait toplanaraq onun kart hesabına köçürüldü.

Son zamanlar sosial şəbəkələrdə yığılan maddi yardımın övladı tərəfindən professorun əlindən alındığı ilə bağlı məlumatlar yayılıb.

Hazırda Fazil Qaraoğlunun hazırkı vəziyyəti və yayılan xəbərlər bağlı tanınmış naşir, tərcüməçi-yazar, “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu "Cebhe.info"-ya açıqlamasında bildirib ki, xeyriyyəçilərin bəziləri professorun özü ilə görüşüb maddi və mənəvi köməklik göstərirlər:

"Fazil müəllimlə bağlı bütün işlərimi bitirmişəm, yəni bankda hesab açıldı, yığılan məbləğ də onun hesabına köçürüldü. Hazırda kirayədə yaşayır, kirayə haqqını da Heydər Əliyev Fondu ödəyir.

Bu gün də zəng edib danışmışam, vəziyyətinin yaxşı olduğunu deyir. Bir az psixoloji narahatlığı var, danışanda hiss edirəm. Bu da yəqin ki, zamanla keçəcək. Amma digər məsələyə gəldikdə isə, ona yığılan vəsait bank hesabındadır və pulu da ondan başqası çıxara bilməz.

Özünün çıxaracağı məbləğ də məhdudur, o limitdən artıq çıxara bilməz. Öz vəziyyətini nəzərə alaraq, biz bankla bəzi məsələləri razılaşmışıq ki, riskli hallar olmasın".

Ləman İsmayıl
"Cebhe.info"