Psixoloqların əksəriyyəti niyə qadınlardır?

Psixoloqların əksəriyyəti niyə qadınlardır?

“Peşə sahələri cinsiyyətə görə fərqlənə bilər”.

Bu sözləri psixoloq Səbinə Şirəlizadə “Cebhe.info”ya açıqlamasında deyib.

O bildirib ki, bəzi peşə sahələrində qadınlar, bəzilərində isə kişilər daha çox üstünlük təşkil edir:

“Müəyyən peşə sahələrində isə qadınlar və kişilər arasında bərabərlik olur. Məsələn, tibb bacısı, müəllimlik kimi sahələrdə daha çox qadınlar üstünlük təşkil edirlər. Mühəndislik, polis və hərbi ilə bağlı sahələrdə isə üstünlük kişilərdədir. Bu fərqə psixoloji və bioloji səbəblər təsir göstərə bilir. Bəzi peşə sahələrində isə zaman keçdikcə kişilər və qadınların nisbəti dəyişir”.

Həmsöhbətimiz nə üçün qadın psixoloqların sayının kişilərlə müqayisədə daha çox olması məsələsinə də aydınlıq gətirib:

“Qədim dövrlərdən etibarən psixologiya sahəsində qadınlar kişilərə nisbətən üstünlük təşkil ediblər. Məsələn, psixologiya ilə bağlı konfranslar və təlimlərdə iştirak edənlərin 90 faizini qadınlar olur. 

Bunun da bir neçə səbəbi var.

Qadınlar daha yaxşı anlamaq və duyğusal olaraq empatiya (insanın özünü müvəqqəti olaraq başqasının yerinə qoymasıdır) qurmaq bacarığına malikdirlər. Həmçinin, qadınlar danışdıqları və düşündüklərini daha düzgün sözlərlə ifadə edə bilirlər.

Üstəlik, qadınlar kişilərə nisbətən daha çox danışmaq bacarığına sahibdirlər. Qadınlar gün ərzində təxminən 8 min sözdən istifadə edirlər. Kişilərdə isə bu say ortalama 5 mindir. Nəzərə almaq lazımdır ki, seanslarda cümlələrin düzgün qurulması çox önəmli faktordur”.

Psixoloq qeyd edib ki, seans zamanı sözlər və cümlələr informasiyanı düzgün şəkildə qarşı tərəfə çatdırmağa kömək edir:

“Həmçinin, daha çox müşahidə etmə qabiliyyəti, ünsiyyətcil olma, səs tonu və bədən dili kimi amillər də psixologiyada qadını daha çox önə çıxarır. Bu kimi qabiliyyətlər terapiya üçün olduqca əhəmiyyətli amillərdir.

Ümumiyyətlə, psixoloq yanına gedənlər adətən məyus və narahatlıq içində olurlar. Ona görə də sadəcə problemlərini həll etmək deyil, həm də özlərini “qorumaq” istəyirlər. Bu səbəbdən də onları yaxşı şəkildə dinləyən tərəf müqabili psixoloq axtarırlar. Qadınlar isə bunu daha yaxşı bacarırlar”.

Səbinə Şirəlizadənin sözlərinə görə, qadınlar kişilərə nisbətən daha çox emosionaldır və başqalarının problemlərinə həssas yanaşma qabiliyyətinə sahibdirlər:

“Bu faktorlar da cəmiyyətdə xeyli vurğulandığı üçün psixologiya sahəsində qadınların daha çox təmsil olunması təbii nəticə kimi görünə bilər. Üstəlik, psixoloqların iş saatları da adətən sərbəst olur. Bu isə şəxsi həyatı ilə iş həyatı arasında balans yaratmağa çalışan qadınlar üçün daha cəlbedicidir”.

Elmir Mustafa
“Cebhe.info”