Akif Nağı: “Gələn həftə namizədlərimizi müəyyənləşdirəcəyik”

Akif Nağı: “Gələn həftə namizədlərimizi müəyyənləşdirəcəyik”

“Növbədənkənar parlament seçkilərinin keçirilməsi gözlənilən idi”.

Bu sözləri Azad Vətən Partiyasının (AzVP) sədri Akif Nağı “Cebhe.info”-ya açıqlamasında deyib. O bildirib ki, seçkilərin vaxtının önə çəkilməsinə ehtiyac var idi: 

“Payızda Bakıda keçiriləcək COP29 ilə bağlı parlament seçkilərinin vaxtının dəyişdirilməsi vacib idi. Üstəlik, Azərbaycan bugünlərdə bütün hadisələri Bütöv Azərbaycan reallığında həyata keçirir. Yəni prezident seçkiləri də o reallıqda oldu. O da çox vacib bir məsələ idi. Həmçinin, parlament seçkilərinin də bütün torpaqlarını işğaldan azad etmiş, ərazi bütövıüyünü tam bərpa etmiş Azərbaycanda keçirilməsi olduqca mühümdür. Bunun da xüsusi bir əhəmiyyəti var”. 

Partiya sədri qeyd edib ki, partiyası parlament seçkilərinə hazırlıqlara başlayıb:

“Biz də Azad Vətən Partiyası (AzVP) olaraq seçkilərə hazırıq. Sabahdan etibarən müəyyən hazırlıq işlərinə başlayacağıq. Eyni zamanda, bəzi müzakirələr aparacağıq.

Gələn həftə isə partiyamızda Siyasi Şuranın iclası keçiriləcək. Onun əsasında hansı dairədən kimin namizədliyini irəli sürəcəyimizi müəyyənləşdirəcəyik. Bütün işlərimizi konkret olaraq həyata keçirəcəyik. Hesab edirəm ki, uğurlu, ədalətli və yeni dövrün başlanğıcı olan seçki olacaq. Kimlər deputat seçiləcəksə, indidən uğurlar arzulayıram. İnşallah, millətimiz və dövlətimiz üçün xeyirli-uğurlu olar”.

Elmir Mustafa 
“Cebhe.info”