58 bal toplayan 65 yaşlı müəllim:"Bu, şagird qarşısındakı imtahandan asandır"

58 bal toplayan 65 yaşlı müəllim:"Bu, şagird qarşısındakı imtahandan asandır"

Təhsilverənlərin sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi yekunlaşdı.

21, 22, 24 iyun tarixlərində təşkil olunan sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi ölkənin 18 müxtəlif şəhər və rayonu üzrə ümumilikdə 27 imtahan mərkəzini əhatə edib. Test imtahanlarında 23 448 müəllim iştirak edib. Prosesdə 97,5 faiz davamiyyət qeydə alınıb. Qeyd edək ki, sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi avqust ayında təşkil olunacaq . 22 və 24 iyun tarixlərində keçirilmiş sertifikatlaşdırma imtahanında 10 müəllim maksimum (60 bal) nəticə göstərib. Onlardan biri ibtidai sinif, 9-u ingilis dili müəllimidir.

Maksimal bal toplayan müəllimlərin hamısı tədris Azərbaycan dilində aparılan ümumi təhsil müəssisələrində çalışanlardır. Qeyd edək ki, test imtahanı mərhələsində 120 dəqiqə müddətində təhsilverənlərin tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilir.

Hər düzgün cavab 1 balla qiymətləndirilir. Cari ildə isə 30 mindən çox təhsilverən sertifikatlaşdırma prosesində iştirak edib. Sertifikatlaşdırmadan keçən müəllimlər növbəti 5 il ərzində pedaqoji fəaliyyətini davam etdirmək üçün sertifikat əldə edirlər. Yaşı 60-dan yuxarı olan müəllimlərin imtahanda iştirakı könüllüdür. 

Riyaziyyat fənnini tədris edən müəllimlər üçün sertifikatlaşdırılma imtahanında könüllü iştirak edən 65 yaşlı müəlim yüksək nəticə göstərib. 

“Cebhe.info”-nun müsahibi sertifikasiya imtahanında Sumqayıt şəhər 4 saylı məktəbin riyaziyyat müəllimi 58 bal toplamış 65 yaşlı Şahin Namazovdur: 

- Şahin müəllim, riyaziyyat çətin elmlərdən hesab edilir, bu yolda hansı uğurlar və çətinliklərlə qarşılaşmısınız? 

-Mən 1959-cu ildə Qərbi Azərbaycanın Amasiya rayonunun İlanlı kəndində anadan olmuşam. Orta məktəbi bitirdikdən sonra 1977-ci ildə Gəncə Dövlət Pedoqoji İnstitunun Riyaziyyat fakültəsinə daxil olmuşam. 1981-ci ildə institutu bitirdikdən sonra təyinatla Qəbələ rayonuna ezam olunmuşam.

3 il ucqar bir kənddə ağır şəraitdə çalışmışam.

Çalışdığım dövrdən yerli əhali ilə yaxşı münasibətimiz olub, ləzgi xalqı olduğuna görə Azərbaycan dilini 1-ci sinifdə öyrənirdilər, orada şagirdlərimin qəbul göstəricilərinə, olimpiadada yer tutduqlarına və əhalinin xahişi ilə 3 il yenə də orada qalıb çalışdım. Ümumilikdə 6 il orada müəllim işlədim. Sonra valideynlərim gəlmədiyi üçün Amasiyaya qayıtdım. Orada 1 il müəllim işlədim, sonra məlum hadisələrlə bağlı qaçqınlıq bizim də alnımıza yazıldı. 

Ailəmizlə birlikdə gəlib Sumqayıt şəhərində məskunlaşdıq. 

Həmin vaxtdan etibarən Sumqayıt 4 saylı tam orta məktəbdə riyaziyyat müəllimi olaraq çalışıram. Müxtəlif şanslarım olub, ancaq mən riyaziyyat müəllimi olaraq qalmağı seçdim. Mənim riyaziyyat, tarix, Azərbaycan dili və ədəbiyyat müəllimim həyatdadırlar. Həyatda qazandığım nə uğur varsa, atama, müəllimlərimə borcluyam. 

Həyatda insanlığı, mərdliyi onlardan öyrəndim. 42 il tədrislə məşğul olmuşam. 

Çalışdığım dövrdə bir sıra nailiyyətlərim olub. Belə ki, şagirdlərimin ali məktəbə qəbulunun nəticələrinə görə fəxri fərmanlarla təltif olunmuşam. Mən 93 şagirdin qəbuluna görə Elm və Təhsil Nazirliyinin “Qabaqcıl döş nişanı” medalı ilə təltif olunmuşam.

2015-ci ildə Prezidentin fərmanı ilə “Tərəqqi” medalına layiq görülmüşəm. Sonra ETN araşdırması zamanı məlum olub ki, 10-dan artıq sinif tam şəkildə ali məktəbə qəbul olub və həmin siniflərdən biri də mənim sinfimin şagirdləri olub. Hətta bir sinifdən 6 nəfərdən yuxarı şagird 600-dən artıq bal toplayıb. Olimpiadalarda gümüş medal alan şagirdlərim olub. 

Ən əsası odur ki, həmin şagirdlərin hamısında Vətənə məhəbbət, sevgi, insaf yüksək səviyyədə olub. Onları doğmalarımdan belə ayıra bilmirəm. 

- 60 yaşdan yuxarı sertifikasiya imtahanında iştirak könüllüdür. 65 yaşda necə oldu ki, imtahanda iştirak etməyə qərar verdiniz?

-Sertifikasiya imtahanına marağa gəldikdə, onsuz da müəllim hər gün imtahan verir. Əgər müəllim özünü müəllim hiss edirsə, dərsə girirsə, bunun özü bir imtahan sayılır. İndi ədəbiyyat, yazar çoxdur, bir neçə dərsliklə işləməli oluruq.

İnformasiya çoxdur, şagird hər an müəllimə sual verə bilər, ona görə də müəllim hər zaman hazır olmalıdır. Sertifikasiyada sadəcə özüm üçün də maraqlı idi ki, iştirak edim. Mən 3 dəfə iştirak etmişəm və 1-ci sertifikasiyadan da yaxşı bal toplamışdım. Bu dəfə də könüllü olaraq qoşuldum.

Bu, şagird qarşısında verdiyimiz imtahandan asan olur. İndi çox intellektual səviyyəli şagirdlərimiz var. Hərənin bir hobbisi olur. Vaxtilə imkan olub, dəvət də ediblər, ancaq heç bir vəzifəyə getməmişəm. Dünyada mənim kimi müəllimlərdən "varlı" insan görə bilmirəm. Çünki ziyalıyıq, yetişdirdiyimiz insanlar var-dövlətimizdir. Harada görürlərsə, qulluğumuzda dayanırlar, ehtiram göstərirlər, ad günümüzü təbrik edirlər. Bizim varımız da onlardır. 

-Belə fikirlər səslənir ki, riyaziyyat fənnindən imtahanda suallar çox asan idi. 

-Siz necə qiymətləndirirsiniz, həqiqətən də suallar asan idimi? 

-Mən belə bir misal çəkim,. Napoleon kimi şəxs müharibəylə bağlı o qədər həyəcanlanmır, ancaq imtahanın imtahan xofu var. İmtahanda 50 sual ixtisas, 10 sual kurikulumdur, 2 saat müddətində bunu çatdırmaq üçün müəllim professional olmalıdır. İlk 50 sualın 25-i orta səviyyəlidir ki, müəllim bunu mütləq işləməlidir. Ümumiyyətlə, normal idi. Bəzən qəbul imtahanı ilə bağlı da deyirəm ki, onu tərtib edən müəllim həmin sualları verilən vaxt ərzində necə çatdırar? 

Yəni vaxt baxımından, burada həyəcanla yanaşı, gənc olanlar var. Orta səviyyəli suallar idi. Orada 10-12 çalışma var idi, 4-5 sual çox maraqlı idi. Xoşagələn məqam yeni təhsil proqramına görə tərtibatın çox gözəl olması idi. Yəni asandan çətinə tərtib olunmuşdu. Bu da psixoloji vəziyyətə yaxşı təsir edirdi. Əvvəllər qəbul imtahanında ilk çətin suallar salırdılar, uşaqlar özlərini itirirdi. Burada asan, orta, çətin şəklində çox yaxşı tərtib olunmuşdu. 

-Belə fikirlər də öz əksini tapır ki, riyaziyyat müəllimləri sertifikasiya imtahanında belə yaxşı nəticə göstərirsə, niyə bizdə texniki sahə zəif inkişaf edib. Abituriyentlərin əksəriyyəti III qrupa daha çox maraq göstərirlər? 

-Tamamilə səmimi şəkildə deyirəm, fanat başqa işdir. Orada onu maraqlandıran ancaq ixtisasıdır. Elə insan var ki, ayda 300 manat da qazana bilmir, ancaq daim rəngsazlıqla məşğul olur. Ancaq həyatın bir reallığı da var. Fikrimcə, şagirdlərin bəzən müəllim olmaqdan yayınmalarının bir səbəbi müəllimlərin maddi vəziyyətidir. 

Fanatlıq, sevgi, insanın qanında olur. Hər bir insan da dolanışıq tərzini tənzimləmək, ailəsini saxlamaq üçün çalışır. Bir daxili motivasiya, bir də xarici motivasiya var. Fikrimcə, ən çox maddi durumun təsiri ilə bağlıdır. İnşallah, hər şey yerində olar.

Dövlətimiz qüdrətlənir, müəllimi nəzərə alarlar. Məsələn, gənc görür ki, hansısa vəzifədə işləyən daha yaxşı dolanır, ancaq müəllim bir kostyumu 5 il geyinir. Yaxud müəllim 30-40 işləyir və bir avtomobil ala bilmir. Beləliklə, maddi baxımın böyük təsiri var. Son vaxtlar yavaş-yavaş islahatlar aparılır. 

İstər-istəməz nöqsanlarımız da olacaq. Onları da aradan qaldıracağıq. İmtahanla işə qəbulu çox alqışlayıram. Çalışırlar ki, şəffaflıq olsun. 

-Bəzi müəllimlər sertifikasiyaya ehtiyac olmadığını bildirirlər. Sosial şəbəkələrdə bəzən belə fikirlər də yer alır ki, imtahan nəyə lazımdır? Ümumiyyətlə, siz necə dəyərlərirsiniz? 

-Hələ maddi maraq prinsipi tam düzəlməyib. Yəni elə adam var ki, çox şeyə qadirdir, niyə onu dəyərləndirməyək? Hətta mən tam onunla da razı deyiləm ki, getdim yüksək bal topladım, bununla çalışacağam. Müəllimin gördüyü iş də, yetişdirdiyi şagirdlər, nailiyyətləri də nəzərə alınmalıdır.

Bunlar hamısı tam təhlil olunub, müəllimin əməyinə qiymət verilməlidir. Yalnız bal toplayıb, gəlib dərs deyib, ona uyğun əməkhaqqı almaq doğru olmur. Müəllimlər də xalqına xidmət edir. Bir misal var: "Balığı çaya at, balıq bilməsə də, xaliq bilər". 

Mən hazırda riyaziyyat fənni üzrə metodbirləşmənin sədriyəm. 2017-ci ildə özümün və şagirdlərimin isbat etdiyi düsturlar var ki, BDU-da elmi müzakirəyə vermişəm, müəlliflik hüququ almışam. Ancaq kitabı yazıb çatdıra bilmirəm.

Söz vermişəm ki, təqaüdə çıxandan sonra yazacağam. Bizim məktəbdə bir çox müəllimiz 55- 56- 57 bal toplayıb. İmtahanda heç bir qəbahət yoxdur, 5 ildən bir olması yaxşıdır. 

İmtahandan çəkinəcək heç nə yoxdur. 

Nigar Abdullayeva 
“Cebhe.info”