Sülh müqaviləsindən dərhal sonra İrəvandan həmlə?

Sülh müqaviləsindən dərhal sonra İrəvandan həmlə?

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarovadan sonra Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqonyanın Qarabağın Ermənistanın əlindən çıxmasında birbaşa Rusiyanı ittiham etməsinə cavab verib.

O qeyd edib ki, Armen Qriqoryanın Qarabağın Rusiya tərəfindən Azərbaycana verilməsi ilə bağlı açıqlamaları başdan-ayağa yalandır. "Cənab Qriqoryan Nikol Paşinyandan da böyük rusofobdur və bir sıra hallarda o, şefinin ağlına gələni öz dilində proqnozlaşdırır və ya ictimailəşdirir. Bu kontekstdə söhbət açıq-aşkar yalanlardan gedir", - K. Zatulin bildirib. Rusiyalı deputat əlavə edib ki, Qarabağ Ermənistanın Baş naziri Nikol Paşinyan üçün təkcə lazımsız deyil, həm də daxildə zərərli idi:

“O, Rusiyanın Qarabağdakı sülhməramlı missiyasını çətin vəziyyətə saldı, görünür, bu, onun Qərblə yeni dostluğunun şərti idi, çünki Qərbin Qarabağda Rusiya sülhməramlılarına ehtiyacı yoxdur. Gümrüdə Rusiya bazasının olması, görünür, növbəti suallardır və bunu cənab Paşinyanın tərəfdarları və özü heç bir halda gizlətmir”. 

Maraqlıdır, Azərbaycan ilə Ermənistan arasında sülh sazişi imzalanarsa, Paşinyan hakimiyyəti Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatını tərk etmək, ən əsası da 102-ci rus hərbi bazasının Gümrüdən çıxarılması barədə məsələ qaldıracaq? Yəni İrəvanın Moskvadan qoşunlarını Ermənistandan çıxarmasını tələb etmək ehtimalı özünü doğrulda bilər? 

Məsələ ilə bağlı politoloq Rəşad Bayramov “Cümhuriyət” qəzetinə açıqlamasında qeyd edib ki, Ermənistanın KTMT-də üzvlüyünə xitam verməsi an məsələsidir:

“Qərb güc mərkəzləri – ABŞ, Fransa və Avropa İttifaqı Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılmasını qarşısına məqsəd qoyub. Həmin güc mərkəzləri çox yaxşı başa düşürlər ki, bunun üçün ilk növbədə Ermənistanı Rusiyanın təsir dairəsindən xilas etmək lazımdır. Bildiyimiz kimi, Ermənistandan fərqli olaraq, Cənubi Qafqazın digər iki ölkəsi – Gürcüstan və Azərbaycanda Rusiyanın hərbi bazası yoxdur, eyni zamanda nə Azərbaycan, nə də Gürcüstan, Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatı və Avrasiya İqtisadi İttifaqının üzvüdür. Rusiyanın Cənubi Qafqazda geosiyasi nüfuz dairəsini sıradan çıxarmaq üçün Qərbin Paşinyan hakimiyyəti qarşısına qoyduğu öhdəliklər Ermənistanın Rusiya ilə münasibətləri dayandırması, Ermənistanın KTMT-ni tərk etməsi, ondan sonra isə rus qoşunlarının Ermənistandan çıxartmaqdan ibarətdir.

Təbii ki, İkinci Qarabağ müharibəsindən sonra baş verən proseslər Ermənistanı bir qədər tələsməməyə sövq etdi. Qərb dairələri bunu çox yaxşı anladığından, İrəvana o qədər də güclü təzyiq göstərmədilər. Amma artıq Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa olunub və ərazilərimizdə separatçı ünsürlər tərksilah edilib.

Eyni zamanda, Azərbaycan ilə Ermənistan arasında bir çox məsələlər üzrə üçüncü tərəfin iştirakı olmadan ikitərəfli qaydada danışıqlar davam edir və müvafiq razılaşmalar da var. Qazaxa bitişik dörd kəndin Azərbaycana qaytarılması və Tovuz-Tavuş istiqamətində sərhəd ərazilərin delimitasiyasının başa çatması bunun bariz sübutudur”. 

Ekspert bildirib ki, bütün bunlardan sonra Qərb Nikol Paşinyandan üzərinə götürdüyü öhdəlikləri icra etməyi tələb edir: 

“İlk addım, şübhəsiz ki, Ermənistanın KTMT-ni tərk etməsi olacaq. Artıq Paşinyan hakimiyyəti bu istiqamətdə ilkin addımlarını atıb. İrəvanın KTMT-də fəaliyyətini dondurması, təşkilatın iclaslarında iştirak etməkdən imtina etməsi, o cümlədən təşkilata maliyyə ayırmağı dayandırması Ermənistanın KTMT-ni tərk etməyə hazırlaşdığını göstərir”. 

Politoloq əlavə edib ki, Türkiyə və Azərbaycan Ermənistanda Rusiyanı iqtisadi cəhətdən əvəz edə bilər:

“Ermənistanın Rusiyadan iqtisadi və enerji cəhətdən kifayət qədər asılı olması Paşinyan hakimiyyətinin qəti addımlar atmasının qarşısını alır. Ancaq Bakı ilə İrəvan arasında sülh sazişi imzalandıqdan, həmçinin regional kommunikasiyalar açıldıqdan sonra Ermənistan öz enerji təhlükəsizliyini Azərbaycan, iqtisadi təhlükəsizliyini isə Türkiyə hesabına təmin etməyə çalışacaq.

Hesab edirəm ki, Türkiyə Ermənistanda Rusiyanı iqtisadi cəhətdən əvəz edə bilər. Sözsüz ki, ABŞ və Avropa İttifaqının Ermənistana maliyyə yardımları da İrəvanın Rusiyadan iqtisadi asılılığının azalmasında mühüm rol oynayacaq”. 

Yunis Abdullayev
"Cebhe.info"