Azərbaycanda boşanmamaq və xoşbəxt olmaq üçün: Neçə yaşda evlənək?

Azərbaycanda boşanmamaq və xoşbəxt olmaq üçün: Neçə yaşda evlənək?

Evlilik insan həyatının ən çətin, məsuliyyətli qərar vermə anlarından biridir. 

Bu qərarın verilməsində aparıcı rol oynayan amillərdən biri də qərar verən şəxsin yaşıdır. Dünyanın əksər ölkələrində evlilik yaşı anlayışı 18 kimi qəbul edilir. 

Yəni bu yaşda olan istənilən şəxs evlənmək barədə müvafiq dövlət qurumlarına müraciət edə bilər. Amma bu, o demək deyil ki, 18 yaşında ailə quran gəncin evliliyi uğurlu olacaq. Maraqlıdır ki, mövcud Azərbaycan şərtləri daxilində ailə qurmaq üçün ideal yaş hansıdır? Məsələ ilə bağlı tanınmış psixoloq Gülnar Orucova "Cebhe.info"-ya açıqlamasında bildirib ki, evlənmək üçün ideal yaş həddi ilə Azərbaycan Respublikasının Konstitusiyasında müəyyən fərq var: 

"Konstitusiyaya görə, 18 yaşda bir şəxs evliliyə hazırdır. Amma reallıqda 18 yaşında bir şəxs nə fiziki olaraq, nə maddi olaraq, nə də psixoloji olaraq evliliyə hazırdır. 18 yaşında çox nadirən bir bəy məsuliyyəti öz üzərinə götürüb evlənməyə qərar verə bilər. Artıq xanımlar və bəylər də başa düşürlər ki, tez evlənmək uğurlu bir evliliyə aparmır. Tez evlilik ayrılmağa da səbəb ola bilir, məsuliyyəti öz üzərinə götürən bir bəyin sonradan həmin məsuliyyəti çəkə bilməməyi kimi problemlər yaranır. Ona görə xanımlar üçün ideal evlilik yaşı minimum 24 yaş, bəylər üçün isə minimum 28 yaş olmalıdır. Çünki bu yaşdan sonra insan kamilləşmə dönəminə girir və bu dönəmdə öz ailəsinin qayğısına qala bilir. Bu yaşa qədər də təhsil almaq istəyən təhsili alar, iş qurmaq istəyən işini qurar". 

Psixoloq qeyd edib ki, cütlüklər evliliyə tam hazır olduqlarına, ata-ana dəstəyi olmadan o evliliyi davam edə biləcəklərinə əmin olmalıdırlar: 

"Evlilik məsələsində diqqət yetirilməli bir məqam da iki şəxsin həyata baxışlarının uyğunlaşmasıdır. Bəzən bəzi şəxslər pula görə yaşlı insanlarla məntiq evliliyi qururlar, sonrası məlumdur ki, cinsi tələbat üst-üstə düşmədiyi üçün arada xəyanət olacaq. Bəzən də ailələrin seçimi ilə ailə qurulur və sonra müəyyən yaş həddində insan başa düşür ki, səhvə yol verib. Ona görə də birinci ailə, insanlar arasında hörmət, sonra sevgi və həyata baxışlar eyni olmalıdır".

Məsələ ilə bağlı "Cebhe.info"-ya danışan sosioloq Üzeyir Şəfiyev isə bildirib ki, ailə qurmaq insanlar üçün şəxsi seçim məsələsidir:

"Əvvəlki dövrdən fərqli olaraq indiki dövrdə gənclər ailə qurmazdan əvvəl təhsil almaq, iş tapmaq, mənzil və məişət şəraitini yaxşılaşdırmaq və.s kimi məsələlərlə bağlı planlaşdırmalar aparırlar. Buna görə də ailə qurmaq yaşı artır. İdeal yaşı müəyyən etmək üçün məsələyə həm tibbi nöqteyi-nəzərdən, həm də sosial aspektdən yanaşmaq lazımdır. 

Bununla yanaşı, qızlar və oğlanlar ailə qurarkən psixoloji olaraq hazır olmalıdır.

Belə ki, onlar valideynlik missiyasın, ailə dəyərlərin başa düşməlidirlər, ailəno böhranlı anlardan çıxarmağa hazır olmalıdırlar. Həmçinin mənzil-məişət şəraiti də yaxşı olmalıdır ki, ailə dayanıqlı olsun. Əvvəllər bu məsələlər problem deyildi, çünki Azərbaycan ailələrində patriarxal ailə modeli var idi, valideynlər övladlara bu və ya digər şəkildə mənzil şəraitinin yaxşılaşdırılması üçün kömək edirdilər, cütlüklər valideynlərlə birgə qalırdılar. İndi isə cütlüklər ayrı yaşamağa üstünlük verirlər, öz ayaqları üzərlərində durmaq istəyirlər. Bu proseslərə görə, qızlar 24-25 yaşdan sonra, oğlanlar isə 30-35 yaşdan sonra evlənməyə qərar verirlər. Bu baxımdan, gənclərin seçimi başadüşüləndir. Lakin evlilik yaşını gecikdirmək də olmaz. Çünki nəsilvermə yaşına görə bu məqamları nəzərə almaq lazımdır. Bəlli bir yaş dönəmində nəsil artırma qabiliyyətində zəifləmə başlayır. Ona görə bu məqamları da diqqətdə saxlamaq lazımdır”. 

Evlənmək istəyən cütlüklər arasında yaş fərqinə gəldikdə isə, o hesab edir ki, fərq 4-5 yaşdan artıq olmamalıdır: 

“Əks halda, uyğunsuzluqlar və evlilikdə psixoloji diskomfort və boşanma hallarına səbəb olan vəziyyət yaranır". 

Sosioloq qeyd edib ki, keçmişdə qızlar 18 yaşında evləndirilsələr də, hazırda qızlar işləməyə, təhsilə önəm verirlər:

"Bu məsələni də təşviq etmək lazımdır.
 Həmçinin təbii artımı təşviq etmək üçün gənc ailələrə sosial dəstək proqramları olmalıdır, onlara faizsiz güzəştli kreditlər verilməlidir". 

Ləman İsmayıl 
"Cebhe.info"