Problemli krediti banklar yaradır

Problemli krediti banklar yaradır

Azərbaycanda ən çox müzakirə və tənqid olunan məsələlərdən biri də bankların kredit siyasətidir.

Məsələ ondadır ki, bankların kreditlərə tətbiq etdiyi yüksək faizlər yekunda borcalanın götürdüyü öhdəliyi yerinə yetirə bilməməsi ilə nəticələnir. Bu isə problemli kreditlərin həcminin ciddi şəkildə artmasına səbəb olur. Cari ilin ilk yarımilində də problemli kreditlərin həcmində artımlar qeyd alınıb. Belə ki, bu il iyunun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 466,5 milyon manat təşkil edib. Bu isə mayın 1-i ilə müqayisədə 0,9 faiz çoxdur. 

Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 6,6 faiz artıb, son 1 ildə isə 4.8 faiz azalıb. Vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,8 faiz təşkil edib. Bu nisbət mayın 1-nə 1,8, ilin əvvəlinə 1,8, 2023-cü ilin iyunun 1-nə isə 2,3 faiz olub. Hesabat dövrünə ümumi kredit portfelinin həcmi il ərzində 24,5 faiz artaraq 26 milyard 498,3 milyon manat təşkil edib. 

Problemli kreditlərin həcminin artması hansısa təhlükə vəd edirmi? Ümumiyyətlə, problemli kreditlərin həcminin artması səbəbi nələrdir? 

Məsələ ilə bağlı “Cümhuriyət”-ə danışan sabiq maliyyə naziri, professor Firkət Yusifov deyib ki, problemli kreditlərin həcminin artması və ya azalması dövrü olaraq baş verir:

“Yəni burada konkret bir arqument yoxdur ki, onunla əlaqəli olduğunu demək mümkün olsun. Sadəcə olaraq, dövrü  artımların, azalmaların şahidi oluruq. Bəzi kreditlərin verilməsi zamanı banklar kreditin qaytarılması ilə bağlı məqamları axıra qədər çözmür və ya bunu istəmirlər. Xüsusilə də kreditlərin girovla verilməsində bank o borcun necə qaytarılacağını tam şəkildə araşdırmaqda maraqlı olmur. Belə olan halda isə təbii ki, həmin kreditlərin geri qaytarılmasında banklar problemlərlə üzləşirlər”. 

Sabiq nazir problemli kreditlərin həcminin artmasında hansısa ciddi bir səbəbin olduğunu hesab etmir:

“Amma problemli kreditlərin minimuma endirilməsi üçün banklar kreditlərin geri qaytarılması imkanlarını düzgün hesablamalıdır. Sadəcə olaraq, girov götürüb kredit verməklə işini bitirməli deyil, borcalanın ödəniş imkanlarını tam şəkildə araşdırmalıdır”. 

Vilayət Muxtar 
"Cebhe.info"