Deputat: “Fikirlərdə “sülh göyərçini” obrazının yaradılmasına ehtiyac yoxdur”

Deputat: “Fikirlərdə “sülh göyərçini” obrazının yaradılmasına ehtiyac yoxdur”

“Ermənistan dövlət kimi yarandığı gündən indiyə kimi müstəqil olmadığı üçün müstəqil siyasət həyata keçirməkdə çətinlik çəkir”.

Bu sözləri Milli Məclisin deputatı Vüqar İskəndərov “Cebhe.info”-ya açıqlamasında deyib. O xatırladıb ki, Ermənistanın Baş naziri Nikol Paşinyan və komanda üzvləri də dəfələrlə dövlət kimi formalaşmalı olduqlarını bəyan ediblər: 

“Həmçinin, digər kənar təsirlərdən azad olmalarının vacibliyini diqqətə çatdırıblar. Ona görə də Paşinyan həm daxildəki revanşist qüvvələr və kilsə ilə, həm də xaricdəki diasporla mübarizəyə başlayıb.

Əslində bunların hər biri dövlət olmağın mübarizəsidir. İndiyə kimi sadalanan qüvvələrlə yanaşı, yalançı tarixçilərin uydurma yalanları da erməni toplumunu zəhərləyib”. 

Millət vəkili vurğulayıb ki, Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsi və 1 günlük antiterror əməliyyatındakı uğuru artıq iki ölkə arasında deyil, regionda yeni geosiyasi vəziyyət formalaşdırıb:

“Azərbaycan qalib kimi düşməni kapitulyasiya aktına imza atmağa məcbur edən tərəfdir. Amma buna baxmayaraq, rəsmi Bakı Ermənistanla sülh müqaviləsi imzalanması və bölgəyə dayanıqlı sülhün gəlməsi üçün bütün addımları atır. 

Üstəlik, tərəflər arasında yaxşı qarşılıqlı nümunələr də ortaya qoyuldu. Artıq hər iki tərəfə sülh müqaviləsi ilə bağlı 10 paket təqdim olunub. Düşünürük ki, iki ölkə arasında bəzi razılaşdırılmış məqamlar da var”. 

Vüqar İskəndərov qeyd edib ki, hazırda Azərbaycanı maraqlandıran əsas məsələ Ermənistanın Müstəqillik Haqqında Konstitusiya Aktında qonşu dövlətlərə qarşı ərazi iddialarının qalmasıdır: 

“Ermənistan mütləq Konstitusiya dəyişikliklərinə getməli və belə militarist iddialarını öz qanunlarından tamamilə çıxarmalıdır. Bir dövlət digər dövlətlə sülh müqaviləsi imzalamaq istəyirsə, həmin ölkələr arasında bir-birinə qarşı ərazi iddiaları olmamalıdır”. 

Deputat Ermənistan Parlamentinin spikeri Alen Simonyanın “Ermənistanın qonşu ölkələrə qarşı heç bir ərazi iddiası yoxdur” sözünə də cavab verib:

“Alen Simonyanın belə deməsi sadəcə sözdən ibarətdir. Biz dəfələrlə Ermənistan siyasətçilərinin belə fikirlərini eşitmişik və hələ də bənzər ifadələr səsləndirilməkdədir. Halbuki, dövlətlərarasındakı müqavilələr və sənədlər sözlərlə ifadə edilmir. Bütün bu məsələlər real və beynəlxalq hüquqla tanınan sənədə çevrilməlidir. Bunun üçün rassional və real addımlar atılmalıdır. Ermənistanda konstitusiya islahatı keçirərək zərərli maddələrin mətndən çıxarılmasına ehtiyac var. Amma hələlik bunu görmürük. Əslində iş görməyib fikirlərdə “sülh göyərçini” obrazının yaradılmasına ehtiyac yoxdur. Azərbaycan konkret məsələlər ortaya qoyub və onlar öz hüquqi həllini tapmalıdır”. 

Elmir Mustafa 
“Cebhe.info”