Fermerlər təbiətin acığını vətəndaşdan çıxacaq

Fermerlər təbiətin acığını vətəndaşdan çıxacaq

"Son günlər baş verən təbii fəlakətlər nəticəsində bölgələrə ciddi ziyan dəyib. Xüsusən də Quba-Xaçmaz regionunda dövlət və xüsusi əmlak zərər görüb".

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib. O qeyd edib ki, təbii fəlakət zamanı bəzi kəndlərin rayon mərkəzləri ilə əlaqəsi kəsilib:

"Bir çox təsərrüfatlar məhv olub. Fermerlər ciddi sınaqla üzləşib. Bu da sözsüz ki, kənd təsərrüfatı məhsullarının bahalaşmasına səbəb ola bilər. Bununla bağlı sığorta məsələsi həll olunmalıdır". Deputat bildirib ki, təbii fəlakətlərin qarşısını almaq və bundan zərər görən təsərrüfatlarla bağlı zəruri qərarların verilməsi vacibdir. 

Məsələ ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli “Cebhe.info”-ya açıqlamasında deyib ki, bu il yaz-yay mövsümündə yağış, dolu yağması kənd təsərrüfatına ciddi ziyan vurub:

“Dolunun yağması, sellərin baş verməsi demək olar ki, meyvələri kökündən məhv edir. Bu səbəblərə görə meyvələrin ucuzlaşması gözlənilmir. Artıq gilasın mövsümü bitir. Amma hələ də kifayət qədər bahadır. Bir tərəfdən də rayonlarda baş verən sel problem yaradır. Adətən meyvələrin çiçək açan vaxtı bu kimi hallar olurdusa, bu il hazır meyvələr məhv olur. Ona görə gilas, ərik və s. meyvələr baha olacaq. Həmçinin alma və çərəz bağlarına da ciddi ziyan dəyib. Onların da qiymətinin baha olması gözlənilir”. 

Ekspert fermerlərin sığortası haqqında da danışıb:

“Fermerlərin əksəriyyəti öz torpaq sahələrini sığortalamayıb. Bu səbəbdən fermerlərin onlara dəyən ziyanı qarşılamaq üçün əlindəki məhsulları mövcud dəyərindən baha satacağı ehtimal olunur”. 

Həsən Məmmədov 
“Cebhe.info”