Qarabağ dirçəldikcə tələbat da artacaq

Qarabağ dirçəldikcə tələbat da artacaq

Bu ilin yanvar-may aylarında Azərbaycana 490,3 milyon dəyərində qara metal idxal olunub.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 24% çoxdur. Əlavə edək ki, ötən ilin eyni dövründə Azərbaycana 395,8 milyon dollarlıq qara metal idxal edilib. Azərbaycan postsovet regionunda metallurgiya sənayesinə malik olan və metal məmulatları istehsal edən ölkələrdən biridir. 

Bakı, Sumqayıt, Gəncə və Daşkəsən şəhərləri ölkənin böyük metallurgiya mərkəzləri hesab olunur. Bu şəhərlərdə həm qara, həm də əlvan metal məmulatları istehsal edən iri müəssisələr fəaliyyət göstərir. Bakıda Poladtökmə zavodu, “BakuSteelCompany”, Sumqayıtda alüminium və boruyayma zavodları, “Azərboru”, Gəncədə alüminium, müxtəlif alüminium məhsulları və əlvan metal məmulatları istehsal edən zavodlar, Daşkəsən Filizsaflaşma zavodu, o cümlədən ölkədə fəaliyyət göstərən "Global Construction" QSC və "Atahan Dəmir Sənaye" QSC ölkənin metallurgiya sənayesinin əsasını təşkil edir. 

Abşeron və Naxçıvanda metal emalı müəssisələri var. Bu müəssisələr də müxtəlif metal məmulatları istehsal edir. Maraqlıdır, Azərbaycanda iri və kiçik metal istehsalı müəssisələri fəaliyyət göstərdiyi halda niyə ölkəmiz xaricdən metal məmulatları idxal edir? Məgər Azərbaycanda bütün metal istehsalı müəssisələri ölkəni qara və əlvan metal məmulatları ilə təmin edə bilməz? Azərbaycanda qara və əlvan metal məmulatlarının tam şəkildə istehsalı üçün xüsusi potensial var? Metallurgiya sənayesi Azərbaycan iqtisadiyyatının inkişafında nə qədər paya malikdir? Metallurgiya səhəsinə bu günə qədər dövlət büdcəsindən nə qədər vəsait ayrılıb? 

Məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə açıqlamasında qeyd edib ki, Azərbaycanda metallurgiya müəssisələri tələbatı tam şəkildə qarşılaya bilmir:

“İlk növbədə qeyd edim ki, sifariş həcmi həddən artıq çoxdur. İşğaldan azad olunmuş ərazilər - Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı yenidənqurma və bərpa işləri gedir. Bundan əlavə, Azərbaycanın bir sıra rayonlarında da təmir-tikinti işləri aparılır, xüsusilə də Bakıda hündürmərtəbəli binaların və iri müəssisələrin tikintisi davam edir. Belə olan halda yerli istehsal tələbat həcmlərini qarşılamaqda çətinlik çəkir. 

Azərbaycanın metallurgiya müəssisələrində xammal problemi yaşanır. Həmin müəssisələr bir çox yerlərdən istifadə olunmuş metal məmulatlarını alıb onları əridərək yeni məhsul istehsal edir. Ona görə ki, Azərbaycanda həm xammal problemi yaşanır, həm də istehsal həcmi yetərli deyil. Yəqin ki, bu, istehsalın doğru-dürüst təşkil olunmamasından irəli gəlir. İşğaldan azad olunmuş ərazilərdə təmir-tikinti işlərinin geniş vüsət alması, həmçinin həmin işlərə 14.5 milyon manat dəyərində vəsaitin ayrılması tələbatı xeyli artırıb. Ehtiyacın və tələbatın artması istər-istəməz istehsal həcminə öz təsirini göstərir. İstehsal həcmi artdıqca, xaricdən metal ixrac etmək məcburiyyəti yaranır”. 

Azərbaycanda metal məmulatlarının tam şəkildə istehsal potensialına münasibət bildirən N. Cəfərli vurğulayıb ki, ölkədə bunun üçün imkanlar təmin oluna bilər: 

“Bu, çətin olmayan bir istehsal növüdür. Yəni bu sahədə nə yüksək texnologiyalara, nə də elmi yanaşmalara ehtiyac var. Azərbaycanda bu sahəni dərindən bilən mütəxəssislər də var. Sadəcə olaraq, bu işi doğru-dürüst təşkil etmək lazımdır.

İşin təşkil olunmasında təşviq proqramları hazırlanmalı, xammalın idxalında dövlətin bilavasitə iştirakı olmalıdır. Hesab edirəm ki, xammalın xaricdən idxalı üçün vergi və gömrük güzəştləri tətbiq olunmalıdır. Çünki bu, müəyyən mənada istehsalda artıma müsbət təsir göstərə bilər. Əgər xaricdən xammalın idxalında problemlər həll edilərsə və istehsal sistemi doğru təşkil olunarsa, o cümlədən dövlət sifarişləri düzgün bölüşdürülərsə və bu sifarişlər vasitəsilə istehsal artımını təmin edəcək mexanizmlər tapılarsa, bu sahədə yerli istehsal daha önə keçəcək”. 

Metal məmulatlarının xarici ölkələrə ixracına gəlincə, N. Cəfərli bildirib ki, yalnız əlvan metal məhsulları ixrac olunur:

“Yalnız alüminium və digər əlvan metal məhsulları xarici ölkələrə ixrac olunur. Qara metal məmulatlarını Rusiya, Belarus, Ukrayna və İrandan idxal edirik”. 

Ekspertin sözlərinə görə, Azərbaycan iqtisadiyyatında metallurgiya sənayesinin payını artırmaq mümkündür:

“Metallurgiya sahəsi ölkənin iqtisadiyyatında o qədər böyük paya sahib deyil. Amma bunun üçün kifayət qədər potensial var. Qarabağ və Şərqi Zəngəzurda təmir-tikinti işləri hələ yeni başlayıb. Bu işlər genişləndikcə, bu sahəyə, xüsusilə qara metallurgiyaya aid məmulatların istehsalına tələbat artacaq. Bu yüksəlməni indidən planlaşdırmaq lazımdır, beş illik proqramlar qəbul olunmalıdır. 

Bu istiqamətdə lazımi və zəruri addımlar atıldığı təqdirdə metallurgiya sənayesinin Azərbaycan iqtisadiyyatında payı artacaq. Bu da əlavə iş yerlərinin açılmasına, ixrac potensialının artmasına və idxaldan asılılığın azalmasına imkan yaradacaq. Bu sahədə yerli istehsalın artması vergi daxilolmalarını da artıracaq. 

Bu da öz növbəsində dövlət büdcəsinə müsbət təsir göstərəcək amilə çevrilə bilər”. 

Dövlət büdcəsindən metallurgiya sahəsinin inkişafına nə qədər vəsaitin ayrılması ilə bağlı suala N. Cəfərli bu cür cavab verib:

“Dövlətin iştirakı ilə Sumqayıt, Gəncə və Daşkəsəndə xüsusi metallurgiya zavodları yaradılıb. Amma həcm olaraq nə qədər vəsait xərcləndiyini tapmaq lazımdır. Dövlət büdcəsinin zərfi min səhifəlik sənəddir. Həmin səhifələri vərəqləmək lazımdır ki, rəqəmləri dəqiqləşdirəsən”. 

Ekspert bu sahəyə yatırılan sərmayənin səmərəliyinə diqqətin ayrılmasını vacib hesab edib:

“Sərmayənin nə qədər səmərəli olacağı önəmlidir. Bəli, dövlət büdcəsindən istehsal sahələrinə vəsait ayrılır, ancaq bu vəsaitin effektivliyinin hesablanması indeksi nəzərə alınmalıdır. Bunun hesablanması indeksi bütün dünyada təcrübədən keçirilir. Bu indeks həm idxalın azalması, həm dövlət büdcəsinə vergi daxilolmalar, həm də yeni iş yerlərinin açılması ilə ölçülür. Hazırda idxaldan asılılığımız çoxdur. Bu sahədə də xaricdən məhsullar idxal etməyə məcbur oluruq. 

Ona görə də sərmayələrin effektivliliyinin hesablanması indeksində problemlər mütləq şəkildə həll olunmalıdır”. 

N. Cəfərli inhisarçılığın, həmçinin metallurgiya sənayesi sahəsində də olduğunu da bildirib:

“Azərbaycanda istehsal sahələri o qədər də çox deyil. Rəqabətli mühitdə bazarın böyük bir hissəsi bir müəssisənin əlində olmamalıdır. Bakıdakı metallurgiya müəssisələri bazarda böyük paya sahibdir. Bu da inhisarçılıq meyllərinin artmasından xəbər verir. Çünki bu, kiçik və orta biznes sahələrinin inkişafına əngəl yaradır”. 

Yunis Abdullayev
"Cebhe.info"