Universitetlərə keçid balı artır, kişilər məktəbə qayıdır

Universitetlərə keçid balı artır, kişilər məktəbə qayıdır

MİQ-dən gələn müəllimlər sertifikasiyada daha yüksək bal toplayıblar.

Bu fikirlə elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində keçirilən "Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil" adlı tədbirdə çıxış edib. O bildirib ki, müəllimlərin işə qəbulu (MİQ) imtahanlarından keçənlərin orta sertifikatlaşdırma balı 52, MİQ-də iştirak etməyənlərin orta balı isə 43-dür. Nazir qeyd edib ki, əvvəlki dövrdə MİQ və yerdəyişmə imtahanlarında iştirak edib 30 və daha çox bal toplayanların sertifikatlaşdırma nəticələri əhəmiyyətli dərəcədə yüksək olub (keçid faizi – 99%). Belə ki, hər iki nəticə  arasında yüksək sayıla biləcək əlaqə mövcuddur (70% korrelyasiya). 

Sertifikatlaşdırmada bu qrup üzrə nəticə orta hesabla 52 bal təşkil edib. 

Bu amil və sertifikasiyadan uğurla keçən müəllimlərin maaşında 10-35 faizlik artımın olması gələcəkdə pedoqoji ixtisasa marağın və bununla əlaqədar keçid balının artmasına səbəb olacaqmı? Sertifikasiya imtahanı həm də bu sahəyə kişi müəllimlərin marağını artıra bilərmi? Çünki əvvəl kişi müəllimlərin azlığı maaşa görə idisə, artıq bu səbəb getdikcə sıradan çıxır. 

"Cebhe.info"-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib ki, sertifikasiya Azərbaycan təhsilinin inkişafı üçün ən yaxşı yollardan biridir: 

"Həyata keçirilən sertifikasiyanın nəticələrinin ilkin təhlili göstərdi ki, bizim orta ümumtəhsil məktəblərimizdə şagirdlərin birbaşa tədrisi ilə məşğul olan müəllimlər arasında dərs dediyi fəndən ümumi anlayışı olmayan kifayət qədər insan var. Bu proses həmçinin müəllimlərin sosial vəziyyətinə də öz müsbət təsirini göstərdi. Geridə qoyduğumuz sertifikasiya nəticəsində məlum oldu ki, 17 500-dən çox müəllimin əməkhaqqı 1000 manatdan yuxarıdır, həmçinin, işə qəbul prosesində kənar hallar sıfıra bərabərdir.Bu, birmənalı şəkildə orta ümumtəhsil məktəblərində az olan kişi müəllimlərin sayına öz müsbət təsirini göstərəcək. Bu gün ölkənin 4 432 orta ümumtəhsil məktəbində 150 min müəllim var ki, onun 80 faizini qadın müəllimlər təşkil edir. Kişi müəllimlərin orta yaşı 45-dən yuxarıdır. Kişi müəllimlərin azlığı tədirisin keyfiyyətinə, təliminə, tərbiyəyə bilavasitə təsir edir". 

Ekspertin fikrincə, bu amil kişi müəllimlərin məktəblərə qayıtmasına öz təsirini göstərəcək:

"Sertifikasiya imtahanlarının nəticələri müəllimlərin dərs saatlarına da, əməkhaqqına da təsir göstərəcək. Yəni müəllimlər sertifikasiyadan 51 bal toplayanda əməkhaqqına 35 faiz, 30 bal toplayanda 10 faiz əlavə olunacaq. Bu da müəllimlər arasında sosial vəziyyətin, rifahın yaxşı olmasına gətirib çıxaracaq. Yəni həm imtahan prosesinin şəffaflığı, həm dərs saatlarının çoxalması, əməkhaqqının artımı kişi müəllimlərinin məktəblərə gəlməsinə gətirib çıxaracaq. Həmçinin, sertifikasiya imtahanı məktəbdə vəzifədə irəliləməyə imkan verəcək. Bu da kişi müəllimlərin məktəblərə qayıtmasına öz təsirini göstərəcək". 

K.Əsədov sertifikasiya imtahanlarının növbəti illərdə pedoqoji ixtisas üzrə keçid ballarına təsir edəcəyini söyləyib:

"Əlbəttə, bu, keçid balında öz təsirini göstərəcək. Gələcəkdə müəllimlik ixtisasının seçilməsinə MİQ imtahanı, sertifikasiya təsir edəcək. İbtidai sinif müəllimliyində bu qədər vakant yerlərin yaranması yüksək ballı abituriyentlərin ora getməsinə imkan verəcək. Azərbaycan dili və ədəbiyyat müəllimliyində vakant yerlərin çoxluğu abituriyentlərin də seçiminə təsir edəcək". 

Naibə 
"Cebhe.info"