Məşhur astroloq tarix verdi: "Güney Azərbaycan müstəqil olacaq" 

Məşhur astroloq tarix verdi: "Güney Azərbaycan müstəqil olacaq" 

"Dünyada yeni dövlətlər yaranacaq. Hazırda dövlətçiliyə "hamilə" olan ərazilər var". 

Bu sözləri tanınmış astroloq Səbuhi Rəhimli "Cebhe.info"-ya açıqlamasında deyib. 

O bildirib ki, həmin ərazilərin başında da Güney Azərbaycan gəlir:

"Həmçinin, Başqırdıstan, Tatarıstan, Yeni Kaledoniya, Korsika kimi bir çox yeni dövlət yarana bilər. Nəzərə almaq lazımdır ki, Güney Azərbaycanda indiyə qədər olmadığı qədər təşkilatlanma var. Xüsusən də Məhsa Əmininin ölümündən sonra bu proseslər daha da artdı. Üstəlik, xaricdə olan lobbilər də Güney Azərbaycan üzrə işləyirlər". 

Astroloqun proqnozuna əsasən, Güney Azərbaycan yaxın 10 il ərzində müstəqilliyini elan edə bilər:

"Qarşıdakı on il ərzində Güney Azərbaycan müstəqil ola bilər. Təbii ki, bu, qəti asan olmayacaq, itkilər veriləcək. Amma Güney Azərbaycan Türk Cümhuriyyəti adlı bir dövlət yaranacaq. Sadəcə olaraq onun Azərbaycana birləşmə prosesi bir qədər uzun çəkə bilər. Onsuz da ilk olaraq bizə onların müstəqilliyi lazımdır, birləşmə sonrakı prosesdir".

Səbuhi Rəhimli birləşmə prosesi ilə bağlı isə bunları söyləyib:

"Biz Şimali Azərbaycan olaraq Avropa təfəkküründəyik. Amma Güney Azərbaycan hələ Asiya xalqlarının təfəkküründə qalıb. Əlbəttə ki, bu iki sivilizasiyanın birdən-birə birləşməsi çətindir. Üstəlik, biz 30-40 il deyil, 200 il ayrı qalmışıq. Artıq bir-birimizdən bir qədər fərqlənirik. 

Buna baxmayaraq, Güney Azərbaycan müstəqil olduqdan sonra vizasız gediş-gəliş olar və yavaş-yavaş mədəni əlaqələr qurular. Bununla da tədricən bir-birimizə uyğunlaşa bilərik. Hazırda əsas məsələ Güney Azərbaycanın ayrıca bir dövlət olmasıdır. O da yaxın 10 il ərzində, bəlkə də daha tez olacaq". 

Elmir Mustafa
"Cebhe.info"