Sifariş götürən taksi yeni, gələn köhnə "Prius" - FOTO

Sifariş götürən taksi yeni,  gələn köhnə "Prius" - FOTO

Ötən gün taksi haqqında qəbul edilmiş qərarın qüvvəyə minməsindən sonra sosial şəbəkələrdə narazılıqlar səngimək bilmir.

Belə ki, “Facebook” istifadəçiləri bildirirlər ki, əvvəl 5 manata gedilən yol artıq 9-10 AZN olub. Onların sözlərinə görə, taksilərlə bağlı yeni qərardan sonra vəziyyət çox dəyişməyib.

“İki gündür bahalaşmış taksi xidmətindən istifadə edirəm.

Kart ödənişi qəbul etmirdilər, indi də etmirlər, kondisioner qoşmurdular, indi də qoşmurlar. Dəyişən yalnız odur ki, sifariş edəndə yeni maşın göstərir, ama gələndə yenə "Prius" gəlir”,-deyə bir şəbəkə istifadəçisi yazıb. Onun sözünü təsdiqləyənlər də olub.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Tural Orucov “Cebhe.info”-ya açıqlamasında deyib ki, bu, inzibati məsuliyyət yaradan haldır:

 

“Vətəndaşlardan belə hallarla rastlaşacağı təqdirdə AYNA-ya və taksi sifarişi operatorlarına məlumat vermələri tövsiyə olunur. Qaydaları pozan sürücülərə qarşı cərimə sanksiyası tətbiq olunacaq və onlar xəttən kənarlaşdırılacaqlar”.

Həsən Məmmədov
“Cebhe.info”