ABŞ–İran razılaşması uzunömürlü olmayacaq?
ABŞ və İran arasında sülh sazişinin imzalanması fevralın 28-dən bəri davam edən müharibəyə son qoysa da, 47 illik düşmənçiliyi aradan qaldırmadı.
Çünki sözügedən sənədə həm ABŞ, həm də İran istiblişmentində münasibət birmənalı deyil. Ona görə də bu razılaşmanın nə qədər uzunömürlü olacağı sual altındadır.
Sazişin imzalanmasından dərhal sonra İranın xarici işlər naziri Abbas Əraqçinin edam edilməsi tələbi ilə İranda etiraz aksiyalarının keçirilməsi hakim elitada bu məsələyə dair ciddi fikir ayrılığının olduğunu, daha dəqiq desək, İslam İnqilabı Keşikçiləri Korpusunun kompromis tərəfdarlarını hədələməsi kimi başa düşülə bilər.
Eyni vəziyyət ABŞ-də də müşahidə olunur. Yəhudi lobbisinin və Respublikaçılar daxilindəki sərt xətt tərəfdarlarının Trampın qərarına etiraz edəcəyi gözlənilir.
Bu baxımdan, ABŞ elitasında müharibəni davam etdirmək istəyən senator Lendsi Qraham, Dövlət katibi Marko Rubio, Pentaqon rəhbəri Pit Heqset, Birləşmiş Ştatların BMT-dəki nümayəndəsi Maykl Uols kimi siyasətçilərlə hərbi əməliyyatları dayandırmağı təklif edən vitse-prezident Ceyms Devid Vens, Prezident Trampın müşaviri Stiv Uitkoff və kürəkəni Cerard Kuşner arasında fikir müxtəlifliyi kimi nəzərdən keçirilir.
Ümumiyyətlə, tərəflər arasında əldə olunan razılaşma sülh müqaviləsi deyil, çərçivə sənədidir. Yəni bu razılaşma tərəflər üçün xüsusi hüquqi öhdəlik yaratmır və ilkin prosesin fevralın 28-dən əvvəlki vəziyyətə qaytarılması kimi qiymətləndirilə bilər.
Ona görə də İran nüvə proqramından imtina etməsi barədə Prezident Trampın dedikləri ya real görünmür. Çünki İranın 460 kiloqram zənginləşdirilmiş uran ehtiyatını gələcək taleyi ilə bağlı suallara aydınlıq gətirilmir. Əgər nüvə proqramından imtinaya dair razılaşma varsa, deməli İran rejimi bunu gizlədir.
Yəni həm Trampın bəyanatları, həm İran tərəfinin yaydığı 14 bəndlik sazişin mətni göstərir ki, ortada açıqlanan və açıqlanmayan iki sənəd var.
Belə ki, ya İran hərbi təzyiqlər qarşısında nüvə proqramından imtina edib və bunu qarşılıqlı razılaşma əsasında həm daxili, həm də beynəlxalq ictimaiyyətdən gizlədir. Ya da belə bir öhdəlik yoxdur və Tramp ABŞ cəmiyyətinə yalan danışır. Bütün hallarda sülh sazişi ilə bağlı bir siyasi manipulyasiyanın olduğunu görünür.
ABŞ Prezidenti noyabr ayında Konqresə keçiriləcək aralıq seçkilərdə “İran üzərində qələbə qazandıq", "İran məsələsini həll etdik", "İranın nüvə proqramını Barak Obamadan (yəni Demokratlar Partiyasından) daha yaxşı həll etdik" deyib bu sazişi siyasi kampaniya kimi istifadə etmək istəyir.
Bu "qələbə" təbliğatı eyni zamanda, Respublikaçıların öz daxilindəki sərt xətt tərəfdarlarını müharibəyə son qoymağın vacibliyinə inandırmağa hesablanıb. Bütün hallarda, ABŞ Prezidentinin İranla razılaşmaya getməsi müharibəyə son qoymaq, yəni donanmanın Fars körfəzindən çəkmək planından xəbər verir.
Sadəcə olaraq, Donald Tramp hərbi əməliyyatları yarımçıq dayandırmağın ABŞ cəmiyyətində tənqidlərə səbəb olacağından ehtiyat edərək buna legitim hüquqi baza yaratmağa və İranın kapitulyasiya şərtlərini qəbul etdiyinə dair rəy yaratmağa çalışır.
Öz növbəsində, İran hakimiyyəti da bu sazişi ABŞ üzərində qələbə aktı kimi təqdim etməklə daxili ictimai rəydə siyasi və ideoloji mövqeyini möhkəmləndirməyə çalışacaq. Bu isə perspektivdə İranda hərbi xuntanın formalaşmasına gətirib çıxara bilər.
İkincisi, Trampın müharibəni yarımçıq dayandırıb "evə" qayıtmaq əmri verməsi İranın Fars körfəzi regionunda geosiyasi mövqeyini gücləndirəcək.
Çünki İran Hörmüz boğazını bağlamaqla müharibəni öz sərhədlərindən kənardakı bufer, zonaya çıxara bildi. Bu isə İranın strateji üstünlüyü sayılır.
Lakin imzalanmış çərçivə sənədi İrana qarşı müharibə təhlükəsini aradan qaldırmır. Bu saziş münaqişəsinin üçüncü tərəfi olan İsrailin maraqlarını ifadə etmir.
Ona görə də İsrail istənilən vaxt İrana hücum edə bilər. Eləcə də İran "Hizbullah" qarşı hərbi əməliyyatları dayandırmadığına görə İsrailə zərbə endirəcəyini bəyan edir.
ABŞ İranla imzalanmış çərçivə sənədində Livanda atəşkəsi təmin edəcəyinə dair şərti qəbul etsə də, bunun mexanizmi göstərilmir. Yəni Livanda döyüşlərin dayanması birbaşa İsrail hökumətindən asılı olan məsələdir.
Üstəlik, İsraildə oktyabr ayında keçiriləcək parlament seçkiləri ərəfəsində Baş nazir Bemyamin Netanyahunun liderlik etdiyi "Likud" partiyasının reytinqi aşağı düşüb.
Nəticədə müxalifət partiyalarının daha çox tərəfdar qazanması və Netanyahunu İran problemini həll edə bilməməkdə ittiham etməsi baş naziri xarici düşmənə qarşı mübarizədə cəmiyyəti öz ətrafında səfərbər etmək üçün yenidən, lakin ABŞ-nin iştirakı olmadan müharibəyə başlamağa sövq edə bilər. Bu isə Trampın planlarının pozulması deməkdir.
Müşfiq Abdulla
"Cebheinfo.az"

