Amerikalı hərbçi Rusiyada həbs edildi

Amerikalı hərbçi Rusiyada həbs edildi

Rusiyanın Vladivostok şəhərində ABŞ əsgəri oğurluq ittihamı ilə saxlanılıb və məhkəmə onun iyulun 2-dək həbs olunmasına qərar verib.

"Cebhe.info" xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin sözçüsü Sintia Smit verdiyi açıqlamada bir ABŞ əsgərinin mayın 2-də Rusiyada saxlanıldığını açıqlayıb:

"Rusiya ABŞ Dövlət Departamentini Konsulluq Münasibətləri üzrə Vyana Konvensiyasına uyğun olaraq saxlanması ilə bağlı xəbərdar etdi. Hərbçilər onun ailəsinə məlumat verdilər. ABŞ Dövlət Departamenti Rusiyadakı əsgərə müvafiq konsulluq dəstəyi göstərir. Bu həssaslığa görə məsələ ilə bağlı hələlik əlavə məlumat verə bilmərik”.

Primorski Rayon Məhkəməsinin mətbuat katibi Elena Oleneva bildirib ki, Vladivostokda saxlanılan ABŞ əsgəri Blek oğurluqda günahlandırılıb və onun 2 ay müddətinə həbs olunmasına qərar verilib. 

Oleneva deyib ki, “Vladivostokun Primorski Rayon Məhkəməsi ABŞ əsgəri Qordon Blekin oğurluq etdiyinə görə iyulun 2-dək həbs olunmasına qərar verib”.

ABŞ-da yerləşən “Associated Press” xəbər agentliyi 34 yaşında olduğu deyilən amerikalı əsgərin Cənubi Koreyada xidmət etdiyini və məmləkəti Texasdakı Fort Kavazos şəhərinə qayıtmalı olduğunu bildirib.

“NBC News” ABŞ əsgərinin Rusiyaya münasibətdə olduğu qadın üçün gəldiyini iddia edib .

Rusiyanın “İzvestiya” qəzeti ABŞ əsgərinin Vladivostokdan olan bir qadınla onlayn tanış olduğunu, ikisinin bir müddət birlikdə yaşadığını və ABŞ əsgərinin qadını döyərək 200 min rublunu (2200 dollar) oğurladığını yazıb.

Nigar Hacılı 
"Cebhe.info"