Dini məclisdə 27 nəfər ölüb

Dini məclisdə 27 nəfər ölüb

Hindistanın Uttar Pradeş əyalətinin yüksək səviyyəli səhiyyə rəsmisi hinduların dini məclisində 27 nəfərin öldüyünü açıqlayıb. 

"Cebhe.info" xəbər verir ki, ölənlərin sayının artmaqda davam etdiyi vurğulanıb. 

Yeni Dehlidən təxminən 140 kilometr cənub-şərqdə yerləşən Hathras şəhərində izdiham hindu tanrısı Şivanı qeyd etmək üçün toplaşıb. Baş tibb işçisi Umesh Kumar Tripathi jurnalistlərə bildirib ki, ölənlərin 25-i qadın, 2-si kişidir. Bildirilib ki, ilkin səbəb dini tədbir zamanı yaranan izdihamdır. 

Hindistanda böyük dini bayramlar zamanı ibadət yerlərində tez-tez ölümlə nəticələnən qəzalar baş verir. Xatırladaq ki, 2016-cı ildə hinduların Yeni ilinin qeyd olunduğu məbəddə atəşfəşanlıq nəticəsində meydana gələn böyük partlayışdan sonra ən azı 112 nəfər həyatını itirmişdi. Partlayış nəticəsində beton binalar dağılıb və minlərlə insanın toplaşdığı Kerala ştatında məbəd kompleksində yanğın baş verib. 

2013-cü ildə Madhya Pradeşdə məbədin yaxınlığındakı körpüdə basabasda 115 din xadimi həlak olub. Bölgəyə 400 minə yaxın insan toplaşıb və körpünün uçmaq üzrə olduğu xəbərinin yayılmasından sonra izdiham yaranıb. 

Ləman İsmayıl 
"Cebhe.info"