Hökumət istefa verdi - Rusiyanın yeni Baş naziri kim olacaq?

Hökumət istefa verdi - Rusiyanın yeni Baş naziri kim olacaq?

Qanunvericiliyə uyğun olaraq Rusiya hökuməti istefa verib və səlahiyyətləri yeni seçilmiş prezident Vladimir Putinə keçib.

Bu barədə Rusiya Nazirlər Kabinetinin Telegram kanalında bildirilib.

Qeyd edək ki, Vladimir Putin bu gün Böyük Kreml sarayının Andreyevsk zalında keçirilən inauqurasiyada and içib və Rusiya Prezidenti vəzifəsinin icrasına başlayıb.

Vəzifəsinin icrasına başlaması elan edildikdən sonra çıxış edən Vladimir Putin qeyd edib ki, Rusiya həlledici mərhələdən keçir.

Rusiya hökuməti dövlət başçısının andiçməsindən sonra, yəni vəzifəyə başladıqdan sonra istefa verir.

Keçmiş nazirlər və baş nazirin müavinləri yeni hökumət qurulana qədər səlahiyyətlərini icra edəcəklər.

Mayın 7-də jurnalistlərə açıqlama verən Kremlin sözçüsü Dmitri Peskov Putinin ölkənin yeni potensial baş nazirinin adını bu gün açıqlamasını çətin hesab edib.

Xatırladaq ki, hazırda Rusiya hökumətinin başçısı səlahiyyətlərini indiyə kimi Baş nazir olan Mixail Mişustin icra edir.

"Cebhe.info"