Keniyada etirazlar davam edir

Keniyada etirazlar davam edir

Keniyada vergi artımı qanun layihəsinə qarşı başlayan etirazlar artıq Prezident Uilyam Rutoyanın əleyhinə aksiyalara çevrilib.

"Cebhe.info" xəbər verir ki, paytaxt Nayrobi və müxtəlif şəhərlərdə keçirilən etirazlar zamanı daş atan nümayişçilərə polis və əsgərlər gözyaşardıcı qazla müdaxilə ediblər.

Etirazçılar barrikada quraraq Nayrobi mərkəzinə aparan əsas yola od vurublar.

Keniyanın ikinci böyük şəhəri Mombasada yüzlərlə nümayişçi "Ruto getməlidir" kimi şüarlar səsləndirərək yürüş keçiriblər.

Bir müddət sonra şiddətlənən nümayişlər zamanı bir çox avtomobil yandırılıb, etirazçılar iş yerlərinə daş ataraq maddi ziyana səbəb olub.

Kisumu, Nakuru, Kajiado, Mlolonqo və Ronqoda nümayişlər keçirilir, eyni zamanda Migori şəhərində də etirazçılar küçələrdə avtomobil təkərlərini yandırıblar.

Xatırladaq ki, İyunun 18-də Keniyada hökumətin vergi artımı qanun layihəsinə qarşı etirazlar başlayıb və çoxlu insan həyatını itirib. 

Keniya Prezidenti Ruto iyunun 26-da qanun layihəsini imzalamayacağını açıqlayıb.

Sosial mediada təşkilatlanaraq üç həftədir çərşənbə axşamı və cümə axşamı küçələrə çıxan nümayişçilər qanun layihəsinin geri götürülməsinə baxmayaraq Rutonun dialoq çağırışlarını rədd ediblər.

Keniya Milli İnsan Haqları Komissiyasının (KNCHR) verdiyi açıqlamaya görə, təhlükəsizlik qüvvələrinin real güllələrlə müdaxilə etdiyi nümayişlərdə indiyədək 39 nəfər həyatını itirib, 361 nəfər yaralanıb.

Ləman İsmayıl
"Cebhe.info"