Ət 2 manat ucuzlaşıb: “Kosmik həddə qədər...”

Ət 2 manat ucuzlaşıb: “Kosmik həddə qədər...”

2024-cü ilin yanvar-mart ayları ərzində işğaldan azad edilmiş rayonlarda quş əti də daxil olmaqla diri çəkidə 4 867 ton ət, 34 052 ton süd istehsal olunub.

“Cebhe.info”-nun Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 6% və ya 271 ton artıb, süd istehsalı isə 1.3% və ya 460 ton azalıb. 2023-ci ilin yanvar-mart ayları ərzində işğaldan azad edilmiş rayonlarda quş əti də daxil olmaqla diri çəkidə 4596 ton ət, 34 512 ton süd istehsal olunub. 

Qeyd edək ki, hesabat dövündə ən çox ət və süd Ağdam rayonunda istehsal edilib. 

Belə ki, hesabat dövründə Ağdamda 1192 ton ət, 10 859 ton isə süd istehsal olunub. Xatırladaq ki, 2023-cü il ərzində işğaldan azad edilmiş rayonlarda quş əti də daxil olmaqla diri çəkidə 22 570 ton ət, 136 678 ton süd istehsal olunub. 

Bəzi satış məntəqələrdə son günlər ətin bir kiloqramının qiyməti 12 manata qədər ucuzlaşıb. 

İqtisadçı-espert Akif Nəsirli “Cebhe.info”-ya bildirib ki, ət idxalı ölkəmizdə məhdudlaşdırılır:

“Ölkəyə ən çox ət idxalı Gürcüstandan həyata keçirilir. Hazırda ətin idxalı ölkəmizdə demək olar ki, dayanıb. Bu səbəbdən ətin ucuzlaşması hələlik müzakirə predmeti olsa da, ətin kosmik ucuzlaşmasını gözləmirəm. Çünki bazarda iribuynuzlu heyvanların sayı xırdabuynuzlu ilə müqayisədə xeyli azdır”. 

Ekspert qeyd edib ki, iribuynuzlu heyvanların sayı az olduğundan davamlı ucuzlaşma gözlənilmir:

“Bazarda iribuynuzlu mal-qaraların sayı ölkədaxili tələbatı qarşılayacaq gücdə deyil. Sadəcə olaraq mövsümlə əlaqədar olaraq heyvanların sayı bir qədərdir. Ancaq ət idxali Gürcüstandan dayandığına görə ətin qiymətinin ucuzlaşmasının davamlı olması inandırıcı görünmr”. 

Həsən Məmmədov 
“Cebhe.info”