Şəkəri də xaricdən alırıqsa, problem nədədir?

Şəkəri də xaricdən alırıqsa, problem nədədir?

Vacib texniki bitki olan şəkər çuğundurundan həm şəkər istehsalı, həm də heyvandarlıqda yem kimi istifadə olunur.

Şəkər əksər bitkinin toxumalarında olsa da, sənaye istehsalı üçün kifayət qədər yüksək konsentrasiya əsas şəkər qamışı və şəkər çuğundurunda olur. Dünya üzrə 94-97 milyon ton şəkər istehsalının 56-60 milyon tonu şəkər qamışının, 36-38 milyon tonu çəkər çuğundurunun payına düşür. Dünyada 1500 şəkər qamışı emal edən və təxminən 1000 şəkər çuğunduru emal edən zavod var ki, onlardan 800-dən çoxu Avropada yerləşir. Bu bitki Azərbaycanda yeganə şəkər istehsalı mənbəyidir. 

Ötən il 21 rayonu əhatə etməklə 4770 hektar sahədə çuğundur əkilib. Eləcə də 2023-cü ildə 12 faiz şəkərliliyə görə məhsulun tonu 65 manatdan başlayıb və hər artan şəkərlilik faizinə görə 4 manat əlavə ödəniş olunub. Ötən il ən çox Füzuli rayonu çuğundur əkilən bölgə olub. 2003-cü ildə Azərbaycanda İmişli şəkər zavodu fəaliyyətə başlayıb. 

Hazırda Azərbaycan Kolumbiyadan xam şəkər idxalını 5 dəfədən çox artırıb. Xam şəkər idxalının artması yerli istehsalın tələbatı ödəməməsi, fermerlərin bu məhsula marağının az olması ilə bağlıdır? 

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli “Cebhe.info”-ya bildirib ki, Azərbaycan özünün şəkər xammalına olan ehtiyacının ən yaxşı halda 5-6 faizini ödəyə bilir: 

“Biz şəkər xammalının 94-95 faizini xaricdən idxal edirik. Bu da Braziliya və digər ölkələrdir. Azərbaycan özü şəkər xammalı, şəkər çuğunduru istehsal etmək üçün məhsuldarlığı, məhsul istehsalını ən azı 7-8 dəfə artırmalıdır. Hazırda istehsal zəifdir, alış qiyməti fermerlərimizə sərf etmir. Bu da onunla bağlıdır ki, məhsuldarlıq aşağıdır. Məhsuldarlığın aşağı olmasının da səbəbi var. Şəkər suya tələbatı olan bir bitkidir. Gərək su təminatı vaxtında həyata keçirilsin. Bu işlərlə də o sahəyə məsul olan qurumlar ciddi məşğul olmur. Yalnız şəkər deyil, digər məhsulların xammalını da biz xaricdən idxal edirik. Xüsusən şəkərin xammalı ilə bağlı daha çox idxaldan asılılığımız var. İndi haradansa 5-6 dəfə idxalı artırıblarsa, bu, o demək deyil ki, ümumiyyətlə, bizim şəkər xammalı idxalımız artıb. Ümumilikdə şəkər xammalı idxalı hər il 300 min tona yaxındır”. 

Ekspertin sözlərinə görə, bununla bağlı müəyyən qədər maliyyə vəsaiti ayrılıb:

“Yəni stimullaşdırıcı tədbirlər həyata keçirilib. Ancaq bu, yetərli deyil. Bu gün nə qədər hər hektara vəsait ödənilsə də, fermerlər məhsuldarlığı artıra bilmir. Birincisi, onların bilik və bacarıqlarının artırılması istiqamətində bir sıra işlər görülməlidir. O sahə üzrə peşəkarlar hazırlanmalıdır. İstehsalın ucuz başa gəlməsi üçün ucuz vasitələr istehsal olunmalıdır. Fermerlərin suya olan tələbatı davamlı olaraq təmin edilməlidir.

Mövcud olan problemlər aradan qaldırılmadığı üçün istehsalda müəyyən həcmdə artım olsa da, sonradan yenidən istehsal azaldı. Yəni hökumət bacarmadı. İndi də deyə bilmərəm ki, perspektivdə nəsə müsbət istiqamətdə dəyişiklik baş verə bilər. Ona görə ki, Kənd Təsərrüfatı Nazirliyinin hərəkətində elə bir dəyişiklik görmürəm. 

Baxmayaraq ki, naziri dəyişdilər, ancaq nazirliyin işində dəyişiklik, yenilik, təşəbbüs yoxdur. Hətta bu istiqamətdə hansı işləri görəcəkləri ilə bağlı ciddi açıqlamaları da yoxdur. Mənim bununla bağlı iki dəfə araşdırma yazım olub.

Orada konkret təkliflərimi vermişəm. Hansı işləri görmək lazımdır ki, sahədə məhsuldarlıq artsın, sahə gəlirli olsun, fermerlər o sahəyə maraq göstərsin, bizim istehsal səviyyəmiz artsın, xammala olan tələbatımızın əsas hissəsini daxili istehsal hesabına təmin edə bilək”. 

Nigar Abdullayeva 
“Cebhe.info”