Tanınmış aktrisa: "Dedi ki, qaydaları pozmusan və 40 min cərimə verməlisən"

Tanınmış aktrisa: "Dedi ki, qaydaları pozmusan və 40 min cərimə verməlisən"

"Oqtay Əliyev sanki hamını qanadının altına yığan, rahat, ürəyi geniş insan idi. İlk tanışlığımız "Sirr" serialında oldu. Bir neçə bölüm efirdə gedirdi. Başqa yerdə məni komediya janrında olan seriala çağırdılar. Maddi durumumuzu düzəltməliyik, gedib çəkildim. Oqtay Əliyev bundan xəbər tutdu və məni çağırdı".

Axşam.az xəbər verir ki, bu sözləri aktrisa Zemfira Əbdülsəmədova "Ötən günlər" verilişində deyib. Sənətçi mərhum Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevlə bağlı xatirələrini bölüşüb. O, O.Əliyevlə yaşadığı bir hadisəni belə xatırlayıb:

"İlk dəfə onu elə ciddi görürdüm. Dedim, nə olub ki, Oqtay? Cavab verdi ki, əmək məcəlləsindəki qanunu pozmusunuz. Bir aktrisa eyni vaxtda iki seriala çəkilə bilməz, buna görə də siz 40 min cərimə olunmalısınız. Dedim, Oqtay, məndə o qədər pul nə gəzir? Dedi, yox, qaydanı pozmusunuz. Söylədim ki, indi buradan çıxım, ya oradan? Qayıtdı, oradan çıxın, nəyinizə lazımdır? Bizim hələ layihələrimiz var, çalışacağıq, komediya istəyirsənsə edək.

Oradan çıxdım və dediyi də oldu. "Üç bacı" serialına çəkildim. Böyük obraz idi. Çalışdıq, etdik, birgə məsləhətləşdik ki, necə daha yaxşı edə bilərik. Hətta yolda gedirdim, məni simamdan tanımırdılar. Amma səsimi eşidən kimi, deyirdilər ki, Xədicə. Xalqın sevimlisinə çevrildim. Mənim boynumda Oqtayın böyük haqqı var".

Qeyd edək ki, O.Əliyev ötən il martda avtomobil qəzasında dünyasını dəyişib. 

"Cebhe.info"