AzVP-nin baxışı: Avropada Azərbaycanla əməkdaşlığa meyil güclənir

AzVP-nin baxışı: Avropada Azərbaycanla əməkdaşlığa meyil güclənir

Bu gün Azərbaycan sürətlə inkişaf edən ölkələr sırasında özünəməxsus mövqeyə malikdir. 

Bu mövqenin arxasında ölkəmizin güclü iqtisadiyyatı, mükəmməl siyasəti, hərbi gücü, dostluq və əməkdaşlıqda sərgilədiyi qarşılıqlı etimad və mənfəət durur. Üstəlik, Azərbaycan bir sıra dövlətlərin iqtisadiyyatına sərmayə yatıran və iri infrastruktur layihələrini maliyyələşdirən sərmayədar kimi tanınır. 

Türkiyə, Gürcüstan, Rumıniya, Moldova, Ukrayna, Belarus, Slovakiya və digər dövlətlər də ölkəmizi investor qismində tanıyır və qiymətləndirirlər. Belə ki, region ölkələrinin, xüsusilə neft-qaz, neft-kimya, yanacaq-energetika, sənaye, emal, infrastruktur bölmələrinin inkişafına Azərbaycandan yönəldilmiş irihəcmli maliyyə vəsaitləri öz səmərəsini verib.

Bu gün dünyada gedən qloballaşma fəaliyyəti ölkələr arasında inteqrasiyanı sürətləndirir. Lakin dövrün əsas cəhətlərindən biri bu proseslə ayaqlaşmaq bacarığıdır.

Təbii ki, hər bir dövlətə xaricdən investisiya axını baş verə bilər. Lakin dövlətin gücü ondadır ki, o, investisiyaları qəbul etməklə yanaşı özü də hansısa dövlətə yatırımlar qoya bilir. Bu mənada Azərbaycanın apardığı siyasət və malik olduğu investor imici ölkəmiz üçün hərtərəfli müsbət haldır.

Mərkəzi Avropada yerləşən və kifayət qədər inkişaf etmiş iqtisadiyyata malik Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşməsi, iki dövlət arasında bir sıra sənədlərin imzalanması dediklərimizə sübutdur. İki ölkə arasında strateji əməkdaşlıq barədə sənədin imzalanması isə xüsusi önəm daşıyır. Çünki, bu sənəd Azərbaycanın inkişaf etmiş dövlətlərlə əməkdaşlığını həm iqtisadi, həm də siyasi sahədə gücləndirməyə xidmət edir. Başqa sözlə, Avropada Azərbaycanla əlaqələrin hərtərəfli genişləndirməsinə ehtiyacın olduğunu göstərir. 

Azərbaycanda istehsal olunan məhsulların ixrac xəritəsini izləyəndə məlum olur ki, Slovakiya Respublikasından ölkəmizə ilk məhsul sifarişləri 2017-ci ildə daxil olub. Qeyri-neft sektorunda istehsal edilən müxtəlif məhsullar - quru süd, meyvə tamlı süd, qırmızı yumurta, günəbaxan yağı, toyuq əti, armatur, yer kökü, şərab, kərə yağı, pambıq toxumu, alma, kosmetik vasitə, makaron, kərpic, nar, qaya duzu, avtomobil diaqnostika aparatı , çay, yataq dəsti, ipək xalça, mebel dəsti, mühərrik yağı, qənnadı məhsulları, boya, nar şirəsi sifariş olunan mallar  arasındadır. 

Ötən 7 il ərzində əlaqələrin sürətli inkişafı artıq münasibətlərin strateji səviyyəyə çatmasına imkan verib. Bu, olduqca yüksək nəticədir. Bu səviyyəni təsbit edən səbəblərdən biri də Azərbaycanın öz hərbi gücü ilə torpaqlarını işğaldan azad etməsi, ordusunu müasir tələblər səviyyəsində qurması və hərbi-sənaye kompleksini uğurla genişləndirməsidir. Təsadüfi deyil ki, Azərbaycan və Slovakiya arasında imzalanmış sənədlər sırasında “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” də var. Təbii ki, Avropanın qaz təchizatında Azərbaycanın oynadığı mühüm rol da əsas amillərdən biri sayılır. 

Azad Vətən Partiyasının (AzVP) İnformasiya və Təhlil Mərkəzi

"Cebhe.info"