Paşinyan üçün son 6 ay: Sülh müqaviləsi imzalanacaq?

Paşinyan üçün son 6 ay: Sülh müqaviləsi imzalanacaq?

“Noyabr ayına qədər sülh müqaviləsinin imzalanması mümkündür”.

Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bugünkü mətbuat konfransında bildirib.

“Bunun üçün sülh müqaviləsində açıq olan və danışıqlar platformalarında razılaşdırılan bütün prinsipləri təsbit etmək lazımdır. Bu prinsiplər bəyan edilməli və imzalanmalıdır, mən bu məntiqlə razıyam. Ümid edirəm ki, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin yaxın vaxtlarda Almatıda keçiriləcək görüşündə bu irəliləyiş qeydə alınacaq”, - deyə Paşinyan bildirib.

Məsələ ilə bağlı politoloq Əlimusa İbrahimov “Cebhe.info”-ya Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasının mümkün olduğunu bildirib:

“Əgər Baş naziri noyabr ayına qədər sülh sazişinin imzalanmasının mümkün olduğunu bəyan edirsə, yəqin ki, Paşinyan Azərbaycan tərəfindən hər hans müsbət siqnal alıb. Düzdür, Azərbaycan rəhbərliyi bu barədə hələ məlumat yaymayıb, amma mayın 10-da Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında keçiriləcək görüşdən sonra dəqiq məlumat verilə bilər. 

Əgər hər iki tərəf sülh sazişi ilə bağlı məsələlərdə birgə razılığa gəlsələr, böyük ehtimalla, noyabr ayına qədər sülh sazişinin imzalanması mümkün olacaq. Amma müqavilənin imzalanmasına qədər Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin delimitasiyası və demarkasiyası daha da sürətlənməlidir həmçinin regionda kommunikasiyalar açılmalıdır”. 

Yunis Abdullayev 
“Cebhe.info”