Putin və Paşinyan arasında kritik görüş: Gözləntilər nələrdir?

Putin və Paşinyan arasında kritik görüş: Gözləntilər nələrdir?

Xəbər verdiyimiz kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan sabah Rusiyaya səfər edəcək.

O, sabah Moskvada Avrasiya İqtisadi İttifaqının iclasına sədrlik edəcək, sonra isə Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

Maraqlıdır, Putin-Paşinyan görüşündən gözləntilər nələrdir?

Mövzu ilə bağlı “Cebhe.info”-ya açıqlama verən politoloq Tural İsmayılov hesab edir ki, Vladimir Putin Nikol Paşinyana uzun müddət ayırmayacaq:

“Rusiya liderinin Ermənistanın Baş naziri ilə uzun müzakirə aparacağını da gözləmirəm. Hər halda, Paşinyanın Rusiyaya səfəri Putinin xüsusi dəvəti ilə baş vermir və Ermənistanla Rusiyanın ikitərəfli münasibətləri konteksində deyil. Paşinyan sadəcə olaraq, Avrasiya İqtisadi Birliyinin növbəti toplantısında iştirak etmək üçün Moskvaya səfər edəcək.

Kreml Ermənistandakı “Sorosçu” hakimiyyətin anti-Rusiya addımlarından çox ciddi formada narazıdır. Bu baxımdan, Putinin Paşinyana xüsusi vaxt ayırıb, onunla hansısa məsələləri geniş formada müzakirə edəcəyini düşünmürəm”.

Ekspertin fikrincə, Ermənistanla Rusiya arasında olan müəyyən məsələlərlə bağlı olan problemlər və digər anlaşılmazlıqlar əsas müzakirə mövzuları olacaq:

“Ola bilsin ki, tərəflər arasındakı iqtisadi və digər məsələlər də müzakirə ediləcək. Ümumiyyətlə, Rusiya rəhbərliyi Paşinyanın nə qədər güvənilməz siyasətçi olduğunu yaxşı başa düşür.

Ona görə də Putin görüşdə Paşinyanı nəyəsə razı salmağa cəhd etməyəcək. Həmçinin, bu səfərdən Ermənistan-Rusiya münasibətlərinin hansısa müsbət yönə dəyişəcəyini də zənn etmirəm. Çünki həm Putin, həm də Paşinyan ikili münasibətlərdə bir-birlərinə etibar etmirlər.

Üstəlik, iki ölkə arasındakı münasibətlərdə o qədər ciddi çatlar əmələ gəlib ki, bunu hansısa qısa görüşlə düzəltmək indiki halda real görünmür”. 

Elmir Mustafa
“Cebhe.info”