Şuşaya ilk qayıdış: Azərbaycan üçün tarixi hadisə

Şuşaya ilk qayıdış: Azərbaycan üçün tarixi hadisə

Bu gün Şuşadan olan məcburi köçkünlərin öz doğma yurduna ilk qaydışı başlayır.

Şuşaya ilk qayıdacaq 20 ailə püştatma yolu ilə müəyyən edilib. Qeyd edək ki, Şuşa şəhərinə köçürüləcək ailələr çoxmənzilli binalarda mənzillə təmin olunacaqlar. 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov qeyd edib ki, yeni yaşayış sahələri indiyədək respublika ərazisində müxtəlif yerlərdə müvəqqəti məskunlaşmış və Şuşa şəhərində daimi qeydiyyatda olan məcburi köçkünlərə verilir. İlk püşkatma şəhid ailələri, qazilər, şəhərdə tikinti, bərpa-quruculuq işlərində çalışan 20 ailə arasında keçirilib və onların hər birinə ailə tərkibinə uyğun mənzil təqdim edilib. Mənzillər 2, 3, 4, 5 otaqlıdır. 

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı “Cebhe.info”-ya şərhində qeyd edib ki, Şuşaya ilk qayıdış ölkə tarixində əlamətdar hadisə kimi qalacaq:

“Millətimizə və əziz şuşalılılara gözaydınlığı verirəm. Millətimiz və şuşalılar otuz il ərzində Şuşanın həsrəti ilə yaşayıblar. Şuşalılar həsrətlə gözləyirdilər ki, nə zaman öz doğma yurdana qayıdacaqlar. Nəhayət ki, həmin gün gəlib çatdı. Şuşalılar öz vətənlərinə qayıtmağa başlayıblar. Əminəm ki, işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzura qayıdış uğurla başa çatacaq. Şuşaya ilk qayıdış tarixi bir hadisədir. Bu tarixi günü bizə yaşadan Prezidentimiz və müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlığımızı bildiririk. Həqiqətən, çox sevincli və qürurlu günlər yaşayırıq. 

Dövlət başçımızı xalqımızı sevindirməkdə davam edir. Bundan sonra daha sevincli günləri görəcəyik”. 

Yunis Abdullayev 
“Cebhe.info”