Azərbaycan hökuməti pulu bu dəfə şagirdlərə verəcək

Azərbaycan hökuməti pulu bu dəfə şagirdlərə verəcək

“İlin sonuna kimi bir sıra məktəblərdə adambaşı maliyyələşmə sisteminə keçid planlaşdırılır”. Bunu elm və təhsil naziri Emin Əmrullayev deyib. Onun sözlərinə görə, bu, bir neçə məktəbdə pilot kimi həyata keçiriləcək: "Sınaq uğurlu olsa, inkişaf üçün cəbhə yaranacaq. Bununla da məktəb muxtariyyəti və müəllimlər tərəfindən idarə olunması üçün yaxşı zəmin yaranacaq". 

Qeyd edək ki, bu gün orta ümumtəhsil məktəbləri dövlət tərəfindən maliyyələşir. 

Yeni maliyyələşmə sisteminə keçid yalnız məktəblərin maddi vəsaitini artıracaq, yoxsa təhsilin keyfiyyətinə də təsir edəcək? 

Təhsil üzrə ekspert Kamran Əsədov “Cebhe.info”-ya bildirib ki, hazırda ölkədə 4432 orta ümumtəhsil məktəbi var və bu məktəblərdə 1,6 milyon şagird təhsil alır: 

“Hazırda təhsil sisteminin saxlanılmasına dövlət büdcəsindən 4 milyard manat vəsait ayrılır və bütün məktəblərə eyni vəsait sərf olunur. Doğrudur, nazirin çıxışında da qeyd edilir və məndə olan məlumata görə, 100 məktəbdə bu layihə 2026-cı ilə qədər başlanmalı idi. Ancaq əslində bir qədər sürətlənəcək. Bir məqamı da qeyd edim ki, 2011-ci ildən ölkədəki ali və orta ixtisas təhsili müəssisələri, 2019-cu ildən isə peşə təhsili müəssisələrində adambaşına maliyyələşmə tətbiq edilib və burada orta ümumtəhsil məktəblərinin publik hüquqi şəxsə keçilməsindən danışılır. Burada ən vacib məqam ondan ibarətdir ki, dövlət hər bir təhsilalana dayanıqlı təhsili verməlidir. Bu, o formatda reallaşacaq ki, bütün şagirdlərin hesabına vəsait keçiriləcək. Məsələn, 1,6 milyon şagirdin təhsil alması üçün nə qədər vəsait lazımdırsa, şagirdin özünə veriləcək və bu, çox yaxşıdır. Ona görə ki, burada rentabellik məsələsi var. Şagird sayı 500 olan məktəblə 2500 olan məktəbə eyni vəsaitin ayrılması doğru deyil. Çünki məktəbin saxlanması üçün eyni vəsait sərf olunmur. Burada müəllimlər maraqlı olacaq ki, onların siniflərində şagird sayı çox olsun və bu zaman onların məktəblərinə pul gəlsin. Yəni məktəblər arasında rəqabət yaranacaq. Adambaşına maliyyələşmə o deməkdir ki, dövlət büdcəsindən hər bir şagird üçün nə qədər vəsait ayrılırsa, o, artıq şagirdin öz hesabına köçürüləcək və həmin şagird hansı məktəbdə təhsilini davam etdirəcəksə, vəsait o məktəbin büdcəsinə keçəcək. Bu zaman direktor da, müəllim də maraqlı olacaq ki, keyfiyyəti artırsın və şagirdlər onların məktəbinə gəlsin”. 

Ekspertin fikrincə, bu, çox yaxşı haldır: 

“Ona görə ki, ilk növbədə korrupsiyanı aradan qaldıracaq. Şagirdlərin yerdəyişməsi, adını məktəbə yazdırıb getməməsi məsələləri aradan qalxacaq. Yəni məktəb özü ilk növbədə keyfiyyətdə maraqlı olacaq. Burada ən vacib məqam ondan ibarətdir ki, məktəblərdə mühasib olmalıdır. Ən vacib məqamlardan biri bizim bu sahədə problemimizin olmasındadır”. 

Nigar Abdullayeva 
“Cebhe.info”