Fərman Nəbiyev: “Dövlət məşğulluğunuzu təmin edəcək, bir şərtlə ki..."

Fərman Nəbiyev: “Dövlət məşğulluğunuzu təmin edəcək, bir şərtlə ki..."

“Mingəçevir Valideynlər Assosiasiyası” (MVA) İctimai Birliyi 2024-cü ilin iyun ayından “Keçmiş köçkün valideynlərin “Böyük Qayıdış” üçün hazırlanması: peşə bacarıqlarının artırılması” layihəsinə başlayıb. İlkin mərhələdə 65 ailə arasında canlı sorğu keçirilib, bundan sonra peşəyə daha çox ehtiyacı olan 10 köçkün təlimlərə cəlb olunub.

"Cebhe.info" xəbər verir ki, 1-2 iyul 2024-cü ildə Mingəçevir Media Mərkəzində psixoloji mövzuda ilk təlim baş tutub. Təlimin açılışında MVA İB-nin və layihənin rəhbəri, Əməkdar jurnalist Fərman Nəbiyev layihənin məqsədindən danışıb: “Doğma torpaqlarınıza qayıdarkən dövlət məşğulluğunuzu təmin edəcək, bir şərtlə ki, peşəniz olsun. Buna görə də biz sizin peşə bacarıqlarınızı artırmaq niyyətindəyik. Psixoloji, hüquqi və iqtisadi mövzuda altı günlük nəzəri təlimlərimizdən sonra sizin üçün usta yanında 2 aylıq praktiki kurslar təşkil edəcəyik. Layihəni uğurla başa vuranlara peşə sertifikatları verəcəyik”.

Psixoloq Seymur Səfəralıyev iki günlük təlimdə valideyn-övlad münasibəti, xüsusən uşaq və valideyn arasında münaqişədə valideynin rolu, valideyn öhdəliklərinin hüququ və psixoloji tərəfləri, övlada münasibətdə sərhədlərin müəyyən edilməsi, məhsuldarlığa mane olan əngəlllər və işə başlamaq çətinliyi barədə danışıb və problemlərdən çıxış yollarını göstərib. Təlimçinin danışığı slaydlarla müşayiət olunub. İki gün davam edən təlim zamanı bir neçə dəfə qrup işi aparılıb, müzakirələrə geniş yer ayrılıb. Təlimlərin əvvəlində və sonunda iştirakçıların bilikləri qiymətləndirilib.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin orta qrant proqramı çərçivəsində həyata keçirilən layihə sentyabrın sonunadək davam edəcək.

"Cebhe.info"