Azərbaycan-Rusiya əlaqələri: “Şimal-Cənub”dan Zəngəzur dəhlizinədək...

Azərbaycan-Rusiya əlaqələri: “Şimal-Cənub”dan Zəngəzur dəhlizinədək...

Son zamanlar baş verən proseslər göstərir ki, yaxın dövr ərzində Rusiya-Azərbaycan münasibətləri daha da inkişaf edəcək.

Həm Bakı, həm də Moskva ikitərəfli diplomatik-siyasi, iqtisadi-ticari və hərbi-starteji münasibətlərin möhkəmlənməsində qarşılıqlı addımlar atır. Qeyd edək ki, müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma və məqsədyönlü təməllərə əsaslanır. Hazırda Rusiya ilə Azərbaycan arasında iqtisadi-ticari, enerji və təhlükəsizlik sahələrində çox möhkəm əməkdaşlıq mövcuddur.

Həmçinin hər iki ölkə regional məsələlərin koordinasiyasında da əməkdaşlıq edir. Son otuz ildə Rusiya və Azərbaycan qarşılıqlı maraq doğuran əsas məsələlər üzrə dialoq aparır. Hər iki tərəfin bir-birinin ərazi bütövlüyünə və suverenliyinə hörmət etməsi, o cümlədən bir-birinin maraqları nəzərə alması ikitərəfli münasibətlərin inkişafına təkan verir. Rusiya-Azərbaycan münasibətlərində dostluq və qonşuluq strategiyası xüsusi əhəmiyyət kəsb edir. Bu strategiya ikitərəfli münasibətlərin bir çox sahələrində özünü göstərir. Hər il Rusiya və Azərbaycan iqtisadi-ticarət, enerji münasibətlərini inkişaf etdirməklə qarşılıqlı əməkdaşlığın əsaslarını gücləndirir. Ən önəmlisi isə hər iki ölkənin şirkətləri sənaye və neft-qaz sahələrində bir sıra layihələr həyata keçirir. 

Eyni zamanda, Rusiya ilə Azərbaycan arasında regional nəqliyyat layihələrinə xüsusi önəm verilir. Bu layihələrdə dəmir və avtomobil yolu, hava və dəniz nəqliyyatı ilə bağlı sahələrə geniş yer ayrılıb. Bununla yanaşı, həm Azərbaycanın, həm də Rusiyanın regional kommunikasiyalarla bağlı gündəliyində “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ən önəmli və əhəmiyyətli prioritet hesab olunur. Yəni hər iki ölkə Cənub-Şərqi Asiyanı Şərqi və Şimali Avropa ilə birləşdirən bu dəhlizin reallaşmasında maraqlıdır. 

Beynəlxalq nəqliyyat dəhlizinin önəmi ondan ibarətdir ki, bu dəhliz çərçivəsində avtomobil və dəmir yolu, həmçinin dəniz yolu vasitəsilə Asiyadan Rusiyayan və Avropaya strateji logistik yüklər daşınacaq. Ona görə də bu dəhliz Rusiya və Azərbaycan iqtisadiyyatının inkişafına müsbət təsir göstərən mühüm proyektdir. Sözügedən dəhliz Azərbaycanın Rusiya və İranla iqtisadi-ticarət münasibətlərinin möhkəmlənməsi ilə yanaşı, ölkəmizin  regional nəqliyyat qovşağına çevrilməsinə gətirib çıxaracaq. Rusiya isə bu dəhlizdən Asiya regionunda geoiqtisadi güc mərkəzinə çevrilmək üçün istifadə edəcək. Bu dəhliz Rusiya ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlığın möhkəmlənməsində və şaxələnməsində, eləcə də enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayacaq. 

“Şimal-Cənub” dəhlizi ilə bərabər Zəngəzur dəhlizi də Rusiya-Azərbaycan münasibətlərində yeni tarixi səhifə açacaq. Bu dəhliz təkcə Cənubi Qafqaz ilə Mərkəzi Asiyanı deyil, həmçinin Türkiyə, Ermənistan, Azərbaycan və Rusiyanı birləşdirəcək. Zəngəzur dəhlizi Rusiyaya Cənubi Qafqaz və Türkiyə üzərindən Yaxın Şərq, Şərqi Aralıq dənizi və Şimali Afrikaya çıxış imkanları yaradacaq. Türkiyə isə bu dəhliz vasitəsilə Cənubi Qafqaz üzərindən həm Rusiya, həm də Mərkəzi Asiyaya strateji məhsullarını daşıyacaq. 

Bütün bunlara əsaslanıb hesab etmək olar ki, Rusiya-Azərbaycan münasibətləri strateji tərəfdaşlığa doğru gedir. Bunun üçün çox geniş imkanlar yaranıb. 

Yunis Abdullayev 
“Cebhe.info”