“Erməni soyqırımı”ndan imtina: Artıq İrəvanda da bu yalana inanmırlar

“Erməni soyqırımı”ndan imtina: Artıq İrəvanda da bu yalana inanmırlar

Ermənistanın Baş naziri Nikol Paşinyan aprelin 24-dəki  çıxışında erməni dilindən “böyük qırğın” kimi tərcümə olunan “mets egern” ifadəsini işlədib.

““Mets Egern” bizim üçün milli faciə və travma yaratdı və mübaliğəsiz sosial psixologiyamızı müəyyən edən amilə çevrildi. Bu gün də dünyanı, ətrafımızı, özümüzü “mets egern”in travmasının təsiri altında qavrayırıq və bunun öhdəsindən gələ bilməmişik. Bu, o deməkdir ki, beynəlxalq səviyyədə tanınan dövlət olaraq biz tez-tez travma vəziyyətində davranırıq və onlarla rəqabət aparırıq və bu səbəbdən bəzən reallıqlar və amillər, tarixi proseslər və proqnozlaşdırılan üfüqlər arasında fərq qoymuruq”,-deyb. 

Paşinyanın çıxışı Ermənistandakı revanşist dairələr tərəfindən ciddi etirazla qarşılanıb. Hətta ABŞ, Fransa, Yunanıstan kimi Ermənistana siyasi havadarlıq edən ölkələrin rəhbərləri “soyqırımı” ifadəsini işlətdiyi halda Paşinyanın “böyük qırğın” deməklə kifayətlənməsi böyük rezonansa səbəb olub. 

Bu, Ermənistanın Baş nazirinin “erməni soyqırımı” iddiasını dünyada tanıtmaq kursundan imtina etməsi kimi başa düşülə bilər. Son 35 ildə Ermənistanın xarici siyasət strategiyasını və erməni cəmiyyətinin siyasi ideologiyasının fundamentini məhz qondarma soyqırım mövzusu təşkil edib. Azərbaycana və Türkiyəyə qarşı düşmənçilik siyasəti də məhz erməni “soyqırımı”nın qisasının alınması təbliğatı üzərində qurulub. İndi isə Baş nazir Nikol Paşinyan köhnə stereotiplərdən imtina, Azərbaycan və Türkiyə ilə dinc yanaşı yaşamaq kursunu seçdiyini gizlətmir. Son günlər işğal altındakı kəndlərin qaytarılması, sərhədlərin delimitasiyasına başlanılması Paşinyanın sülh müqaviləsində maraqlı olduğuna dair addımlar kimi şərh edilir. 

Baş nazir erməni cəmiyyətini “soyqırımı” iddialarından əl çəkməyə, qisasçılıq düşüncəsinin siyasi, hərbi və iqtisadi potensialı olmayan Ermənistana yalnız ziyan gətirəcəyini başa salmağa çalışır. Radikal qüvvələrin uzun illər ermənilərə saxta soyqırımı diqtə etməsi ermənilərdə sosial- psixoloji travmalara gətirib çıxarıb. 

Müharibə zamanı ermənilərin azərbaycanlılara qarşı qəddar münasibəti məhz bu travmanın nəticəsidir. Belə hallara son qoyulmasa, növbəti müharibə Ermənistanın bir dövlət kimi mövcudluğuna son qoya bilər. Ona görə də Paşinyan erməni xalqını zərərli stereotiplərdən əl çəkməyin vacibliyinə inandırmağa çalışır. Lakin bunu reallaşdırmaq üçün Ermənistan konstitusiyasından və digər hüquqi normativ aktlarından “soyqırımı” ifadəsi çıxarılmalı, Türkiyə ilə münasibətlər normallaşmalıdır. Yalnız bundan sonra Ermənistanın “erməni soyqırımı” iddiasından əl çəkidiynə inanmaq olar. 

Müşfiq Abdulla
 “Cebhe.info”