İran seçkilərinin PƏRDƏARXASI

İran seçkilərinin PƏRDƏARXASI

İranda prezident seçkilərindən sonra Qərblə nüvə proqramı üzrə danışıqlar yenidən bəpra oluna bilər.

Prezidentliyə namizədlərin siyasi karyerası və platforması Qərblə münasibətlərdə yumşalma istiqamətində müəyyən addımların atılacağına dair  proqnozlara əsas yaradır. Belə ki, İslam İnqilabının Sarsılmaz Cəbhəsi Partiyasının lideri və mühafizəkarlar düşərgəsindən prezidentliyə namizəd Səid Cəlili İranın nüvə proqramı üzrə danışıqların aparılmasında geniş təcrübəyə malikdir. O, 2007-ci ildə İranın ali rəhbəri Ayətullah Seyid Əli Xameneyinin nüvə danışıqları üzrə xüsusi müşaviri təyin olunub və 2013-cü ilə qədər bu vəzifəni icra edib. 

İslahatçıların namizədi Məsud Pezeşkian da “Altılıq” ölkələri ilə nüvə sazişini bərpa etməyi tərəfdarıdır. O, hökumət başçısı seçiləcəyi təqdirdə, sabiq xarici işlər naziri Məhəmməd Cavad Zərifi yenidən bu posta təyin etmək istəyini açıqlayıb. İranın XİN rəhbəri postunun yenidən Cavad Zərifə təklif olunması təsadüf hesab edilmir. Çünki Məhəmməd Cavad Zərif 2015-ci il iyunun 15-də “Altılıq” ölkələri ilə İranın nüvə  proqramına dair Vyana sazişinin imzalanmasına nail olmuş diplomatdır. 

Yəni hər iki namizəddən hansının prezident seçilməsindən asılı olmayaraq, Qərblə nüvə sazişinin bərpası istiqamətində siyasi danışıqların başlayacağı istisna edilmir. Rəsmi Tehranın səsvermənin ikinci turunda Səid Cəlili və ya Məsud Pezeşkianın üzərində dayanmasının mühüm səbəblərindən biri də bununla izah oluna bilər. Əks halda, İran qarşıdakı aylarda  siyasi və hərbi təzyiqlərın hədəfinə çevriləcək. 

Benyamin Netanyahu hökuməti hazırda İsrail sərhədləri yaxınlığında İrana bağlı olan proksi qüvvələrə qarşı hərbi əməliyyatlar aparmaqla məşğuldur. Qəzza bölgəsində HƏMAS-a qarşı 9 ay davam edən müharibədən sonra  İsrail silahlı qüvvələri “Hizbullah”ın Livandakı mövqelərinə qarşı hücuma hazırlaşır. Bu müharibənin Qəzza bölgəsində baş verənlərdən daha təhlükəli olacağı gözlənilir. İsrail hökuməti Livandan sonra növbəti və son hədəfin İran olacağını gizlətmir. Netanyahu hökuməti bu mövqeyini İranın nüvə proqramının qarşısını almaq planı ilə izah edir. 

Noyabr ayında ABŞ-də keçiriləcək prezident seçkilərində Donald  Tramp qalib gələrsə, İrana qarşı təzyiqlər və sanksiyalar artacaq. Hətta rəsmi Vaşinqton İrana qarşı mübarizədə İsrailə dəstək verə bilər. Seçkilər öncəsi Netanyahunu sülhə çağıran Prezident Baydenin qalib gələrcəyi təqdirdə, noyabrdan sonra taktikanı dəyişib İrana qarşı mübarizədə İsrailin yanında yer alması mümkündür. Ona görə də İranın nüvə proqramı danışıqlarını bərpa etmək cəhdləri mümkün təhlükələri önləmək üçün preventiv addım kimi qiymətləndirilə bilər.

Lakin həm ekspert rəyləri, həm də namizədlərin özlərinin açılamaları göstərir ki, Məsud Pezeşkiandan fərqli olaraq, Səid Cəlilinin Qərblə aparacağı danışıqlar 2007-2013-cü illərdə olduğu kimi manipulyasiya xarakteri daşıyacaq.    

Con Hopkins Universitetinin Yaxın Şərqşünaslıq üzrə professoru Vəli Nəsr hesab edir ki, həkim (Pezeşkian-red.) Amerika ilə danışıqlara başlamağa çalışacaq, amma Cəlili bunu etməyəcək.

“Parsine” xəbər portalı isə qeyd edir ki, İran prezidentliyinə iddialı olan Səid Cəlili və Məsud Pezeşkian seçicilərə ölkənin gələcəyi ilə bağlı tamamilə fərqli baxışlar təqdim edir. Lakin  ekspertlər deyirlər ki, onların fikir ayrılığı çətin ki, İranın xarici siyasətində ciddi dəyişikliyə səbəb olsun.

Pezeşkian bu seçki yarışında iştirakına icazə verilən yeganə qeyri-fundamentalist namizəd olması ilə seçilir. O, fəallığı ilə keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif kimi islahatçıların dəstəyinə malikdir. Bu, çox güman ki, “həkim”in əsas islahatçı xarici siyasət hədəfinin İran iqtisadiyyatına qarşı sanksiyaları yumşaltmaq və Qərblə gərginliyi azaltmaq üçün nüvə sazişini yenidən müzakirə etmək olduğunu göstərir. İran və Çin, Avropa Birliyi, Fransa, Almaniya, Rusiya, Böyük Britaniya və ABŞ arasında 2015-ci ildə imzalanan saziş mötədil prezident Həsən Ruhaninin dövründə sanksiyaların ləğvi müqabilində ölkənin nüvə proqramını məhdudlaşdırmaq üçün imzalanıb. Lakin üç il sonra ABŞ-nin ozamankı prezidenti Donald Tramp Genişləndirilmiş və Hərtərəfli Fəaliyyat Planının İranın iqtisadi dirçəlişinə yol açacağına inananların ümidlərini puça çıxararaq sazişdən çıxdı. Əvəzində ABŞ yeni sərt sanksiyalar tətbiq etdi və iranlı sərt xətt tərəfdarları Qərbə etibar edilməməsi üçün yeni arqument qazandılar. Bu müqaviləni bərpa etmək istiqamətində aparılan danışıqlar əsasən dalana dirənib. 

Siyasi müstəvinin digər tərəfində dayanan Cəlili isə fundamentalist siyasətin ən əyilməz nümayəndəsi kimi tanınır. Təhlilçilər deyirlər ki, birinci turda digər mühafizəkar namizədlər tərəfindən dəstəklənən sərt xətt tərəfdarının qələbəsi Tehranın Qərblə, xüsusilə də ABŞ ilə daha çox qarşıdurmaya getməsi demək olacaq. Səid Cəlili 2015-ci ildə nüvə sazişinin imzalanması zamanı İranın uranın zənginləşdirilməsi proqramı ilə bağlı digər ölkələrlə danışıqlar aparmasına və ya güzəştə getməsi ideyasına qarşı çıxıb. 

Namizədlərin ikinci teledebatında nüvə proqramı məsələsinə münasibət bildirən Pezeşkian Genişləndirilmiş və Hərtərəfli Fəaliyyət Planının imzalanmasına görə keçmiş prezident Həsən Ruhaninin xarici siyasətini müdafiə edib. Səid Cəlili isə qeyd edib ki, MAQATE 14 dəfə İranın öz öhdəliklərini yerinə yetirdiyini bildirib, lakin qarşı tərəf nüvə proqramına dair əldə olunmuş sazişdən tamamilə çıxıb: 

“Öz millətimizi günahlandırıb qarşı tərəfə bəraət verməyək. Agentlik (MAQATE) bildirib ki, İran öz öhdəliklərini yerinə yetirib və mən deyirəm ki, biz hətta öhdəliklərimizdən də kənara çıxmışıq. Amma nəticə nə oldu? Onlar öz fəsliyyətindən geri çəkildilər və  sanksiyaların sayı 800-dən 1500-ə yüksəldi”.

Cəlili nüvə proqramı məsələsində İranın borclu olan tərəf deyil, kreditor olduğunu deyib. 

Buna cavab olaraq Məsud Pezeşkian sanksiyaların sayının məhz İbrahim Rəisinin prezidentliyi dövründə 1500-ə çatdığını bildirib. Pezeşkian hesab edir ki,  İran nüvə sazişindən və Çirkli Pulların Yuyulmasına qarşı Mübarizə Tərdbirləri Qrupundan (FAFT) kənarda qalmaqla gündə 10 milyardlarla dollar vəsait itirir. Ona görə də azərbaycanlı namizəd hər iki sazişə qoşulmağı təklif edir.   

Beynəlxalq Böhran Qrupunun İran proqramının rəhbəri Əli Vaez isə namizədlərdən hansının seçilməsindən asılı olmayaraq, ABŞ-nin İrana münasibətində ciddi dəyişiklik olmayacağını deyib:

“Əgər Tramp administrasiyası ilə Bayden administrasiyası arasında ABŞ-nin ümumi yanaşmasında İrana münasibətdə 180 dərəcə fərq olarsa, prezidentin dəyişməsi ilə bu fərq 45 faiz olacaq". 

“Diplo House” xarici siyasət analitik mərkəzinin direktoru Həmidrza Qulamzadənin proqnozu isə belədir: “”Həkim” (Pezeşkian) yalnız nüvə danışıqlarına diqqət yetirməyəcəyi kimi, Cəlili də Qərblə danışıqlardan tamamilə yayına bilməz.

İranın xarici siyasəti də xarici amillərdən asılıdır ki, onlardan ən vacibi noyabrda ABŞ-d]ə keçiriləcək seçkilərdir. Çətinlik Trampın və ya Baydenin qalib gəlməsindən asılı olmayaraq, İranın daxilindən deyil, xaricdən gəlir. Həkim prezident olsa belə, daxili problemlərdən daha çox xarici problemlərlə üzləşəcək”.

Müşfiq Abdulla
“Cebhe.info”