Ailələrin qaşısındakı “uşaq səddi”: Maddi vəziyyət imkan vermir ki...

Azərbaycanda yeddi və daha çox uşaq sahibi olan 6837 ailə var.
Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyd olunub ki, ev təsərrüfatları haqqında məlumatlar hər on ildən bir keçirilən əhalinin siyahıyaalınması zamanı əldə edilir.
2019-cu ildə keçirilmiş əhalinin son siyahıyaalınmasının yekun məlumatlarına görə, 18 yaşadək uşağı olan ev təsərrüfatlarının uşaqların sayına görə bölgüsü məlum olub. Belə ki, ölkədə 1 milyon 347 min 534 çoxuşaqlı ailə var. Onların 725 min 615-i şəhər yerlərində, 621 min 919-u isə kənd yerlərində yaşayır.
Biruşaqlı ailələrin sayı 422 989-dur, onlardan 241 min 234-ü şəhər yerlərində, 181 min 755-i kənd yerlərində yaşayır. İkiuşaqlı ailələrin sayı 557 min 814-dür, onlardan şəhərdə yaşayanların sayı 295 min 884, kənddə yaşayanların sayı isə 261 min 930-dür. Üçuşaqlı ailələrə gəlincə, bu kateqoiyaya daxil olan ailələrin 132 min 957-si şəhər yerlərində, 123 min 304-ü kənd yerlərində yaşayır. Son rəqəmlərə görə, Azərbaycanda 71 min 151 dörduşaqlı ailə var.
Onların 37 min 58-i şəhər yerlərində, 34 min 93-ü kənd yerlərində yaşayır. Həmçinin şəhər yerində yaşayan 11 min 313, kənddə yaşayan 11 837, yəni ümumilikdə 23 min 150 ailə beşuşaqlıdır. Altı uşağı olan ailələrə gəlincə, 9332 ailə bu kateqoriyadadır. Onların 4338-i şəhər yerlərində, 4994-ü isə kənd yerlərində yaşayır.
Həmçinin 7 və daha çox uşağı olan ailələrin sayı da bildirilib. Belə ki, ölkədə 6837 ailə yeddi və daha çox uşaqlı ailələr arasında yer alır.
Onların 2831-i şəhər yerlərində, 4006-sı isə kənd yerlərində yaşayır.
Maraqlıdır ki, çoxuşaqlı ailələrin sayı niyə azalıb?
Məsələ ilə bağlı sosioloq Sahib Altay "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, tarixə nəzər salaraq çoxuşaqlılığın səbəblərini aydınlaşdırmaq lazımdır:
"Tarixin qədim və orta dövrlərinə nəzər saldıqda, çoxuşaqlılığın ilkin səbəbini insanların həyat haqqında çox məlumatlarının olmaması ilə əlaqələndirmək olar. Yəni həmin dövrlər çoxuşaqlılaq nəsilartırma instiktinə xidmət edib, bu da tamamilə normal idi. Çünki sənaye tibbi mövzu deyildi, bir ailədə doğulan çoxuşaqlı ailələrin bəziləri çox adi xəstəliklər səbəbindən ölürdü. Bununla da, bir ailədə 17 uşaq dünyaya gəldikdə onlardan sadəcə 5-6-sı sağ qalırdı".
Sosioloq qeyd edib ki, əvvəllər insanılar qapalı cəmiyyətdə yaşadıqları üçün valideynlik məsuliyyəti yox idi:
"Lakin yaxın tarixi dövrə nəzər salsaq, Azərbaycanda yaşayan ortayaşlı və yaşlı nəslin ömürlərinin əsas hissəsi Sovet dövründə keçib. Sovet dövründə çoxuşalılıq üzərindən bir təbliğat aparılırdı. Sovetlər qurulanda genişlənmiş təsərrüfat siyasətinə xidmət edirdilər.
Genişlənmiş təsərrüfat siyasətində də işçi qüvvəsinə ehtiyac var idi, yəni çox işçinin olması üçün çox insanın olması lazım idi. Həmin dövrdə də biz qapalı cəmiyyətdə idik, insanların informasiya alıb-vermək bacarıqları dövrün şərtlərinə görə geniş deyildi. Həmçinin hamiləliyə qarşı metodlar yox idi. Türkəçarə metodlar olsa da, günümüzdəki kimi hamiləlik aktını doğum aktıyla əvəzləməmək üçün dərman yox idi. İnsanlar bu informasiyaya da sahib deyildilər, məlumatlı olanlar üçün də qapalı cəmiyyətdə uşaq itirməyə qarşı əks reaksiya var idi, bu, utanc kimi qəbul olunurdu".
Sosioloqun sözlərinə görə, Sovet dövründə çoxuşaqlı ailələrə maddi və mənəvi göstərici kimi "Qəhrəman ana" statusu verilirdi, onlar üçün xüsusi sosial təminat təyin edilmişdi:
"Bu baxımdan da ailələrdə çox uşaqlar dünyaya gəlirdi. Lakin mövcud dövrün valideynlik şərtləri var. Eyni zamanda, əvvəlki dövrlərdə qadın cəmiyyətin sadəcə uşaq dünyaya gətirmək vəzifəsini yerinə yetirən bir elementi idi.
Günümüzdə isə cəmiyyətin tərəqqi yönündə qadınlar iştirak edir, sosial fəaliyyətlə məşğul olurlar. Yəni bir qadının çox uşaq dünyaya gətirib paralel olaraq işləməsi nə bioloji olaraq, nə sosial, maddi vəmənəvi olaraq, nə də fiziki olaraq mümkün deyil. Mövcud dövrün maddi tərəflərini də nəzərə alanda ailələr çox uşaq dünyaya gətirməyə qarşıdırlar, hətta bəzi hallarda ailələr bir uşaqla kifayətlənirlər.
Açıq cəmiyyətdə insanlar daha çox fərdiyyətçiliyə və yaşamağa meyillidirlər. İnsanların həyat haqqında təsəvvürləri artıqca, düşüncələri də dəyişir. Ümumilikdə, maddi şərtlər, gəlirlər, eyni zamanda gender məsələsi çox uşaq dünyaya gətirməyin qarşısını alır. Qeyd edim ki, bu azalma növbəti dövrlərdə də olacaq".
Ləman İsmayıl
"Cebheinfo.az"