Gecə klubunda faciəsi: Ölənlərin sayı artıb

Karib hövzəsi ölkəsi Dominikan Respublikasında əyləncə məkanının damının uçması nəticəsində ölənlərin sayı 79-a çatıb.
"Cebheinfo.az" CNN-ə istinadən bildirir ki, paytaxt Santo Dominqoda "Jet Set" adlı əyləncə məkanının damı dünən içərisində ən azı 300 müştərinin olduğu yerdə çöküb.
Fövqəladə Əməliyyatlar Mərkəzinin (COE) direktoru Xuan Manuel Mendezin açıqlamasına görə, dağıntılar altında qalan 79 nəfər çökmə nəticəsində həlak olub.
Dağıntılar arasında axtarış əməliyyatı davam edərkən, təxminən 160 yaralı xəstəxanalara aparılıb.
Tədbirin keçirildiyi yerin yaxınlığında müvəqqəti morq və qanvermə mərkəzi yaradılıb.
İnsanların kömək çağırışlarının eşidildiyini bildirən Mendez "Həyata ümid var olduqca, bütün səlahiyyətlilər bu insanları xilas etməyə çalışacaq",- deyib.
Ölənlər arasında Amerika Beysbol Liqasının (MLB) keçmiş oyunçusu Oktavio Dotel də var.
Günəş çıxandan sonra çəkilən hava görüntüləri binanın ortasında böyük bir dəliyin əmələ gəldiyini göstərir. Dağılmanın səbəbləri araşdırılır.
Dominikan Respublikasının Prezidenti Luis Abinader təbii fəlakətdən sonra üç günlük matəm elan etdiyini açıqlayıb.
Nigar Hacılı
"Cebheinfo.az"