Bakını suya təslim edənlər: Yağış yudu, gün qurutdu?

Bir neçə gündür Milli Hidrometeorologiya Xidməti tərəfindən ölkə ərazisində havanın qeyri-sabirt keçəcəyi, o cümlədən paytaxtda leysan xarakterli yağışın olacağı, arabir intensivləşəcəyi ilə bağlı ard-arda xəbərdarlıq edilir.
Aprelin 16-da yağışın aramsız güclü olacağı, gözlənilən intensiv və güclü yağışla əlaqədar Abşeron yarımadasının bəzi ərazilərində subasma halları istisna olunmadığı da xəbərdarlıqda yer alırdı. Belə hava şəraitinin aprel ayının 17-dək davam edəcəyi gözlənilir.
Artıq hava ilə bağlı xəbərdarlıq edilən günlərdə ölkədə, o cümlədən paytaxtda qeyri-sabit hava müşahidə edilir. Güclü külək və yağışın yağması bir sıra fəsadlar yaradıb, bəzi əraziləri su basıb. Hətta yollara yağış sularının dolması ictimai nəqliyyatın da hərəkətini çətinləşdirib. Bəzi yollarda, məsələn, paytaxtın Binəqədi rayonu ərazisində və Abşeron rayonu Masazır qəsəbəsində, Xərdalanda suyun səviyyəsinin çox olması avtobusların salonuna dolmasına gətirib çıxarıb.
Fövqəladə Hallar Nazirliyi tərəfindən baş verən fəsadların aradan qaldırılması məqsədilə Bakı və Abşeron rayonunun Xırdalan şəhəri ərazisində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin həyata keçirilməsinə cəlb olunub. Onu da vurğulayaq ki, bu, hava şəraiti ilə bağlı yaranan problem ilk deyil.
Belə ki, hər dəfə güclü yağış yağdıqda küçələrdən sel axmasının, nəinki evlərin, avtomobillərin, avtobusların belə suda "üzməsinin" şahidi oluruq. Hətta ötən il güclü yağış nəticəsində yaranan sel bir nəfər vətəndaşın ölümü ilə nəticələnib. Burada əsas məqam isə baş verə biləcək fəsadın qarşısını almaq üçün əvvəlcədən lazımi tədbirlərin görülməməsidir. Hər il bütün müvafiq qurumlar payıza, qışa, yaza hazır olduqlarını deyirlər.
Vəziyyət isə bunun tam əksini göstərir, müvafiq qurumlar işlərinin öhdəsindən lazımınca gəlmədiyi üçün paytaxt iflic vəziyyətə düşüb. Yaranmış vəziyyətlə bağlı sosial şəbəkədə öz münasibətini bildirən iqtisadçı-ekspert Natiq Cəfərli "Allah üzümüzə baxıb ki, Bakı tropik zonada, musson yağışlarının hakim olduğu coğrafiyada yerləşməyib. Seçilmiş merə həsrət qalan, belə İcra Hakimiyyəti institutu olan Bakıda hər gün faciələrlə qarşılaşardıq. İldə 2-3 dəfə, Yasamal uşaqları demiş, "nArmAlnı" (yəni, qeyri-adi deyil) yağış yağır, şəhər iflic olur.
Mən 1,5 saat öncə "Nərimanov" metrosu yaxınlığında gecə yıxılan, yolu kəsən ağacı fotosunu çəkmişəm, hərəkətin gur vaxtına qədər hələ yığışdırmamışdılar",-deyə yazıb.
Bakı Şəhər İcra Hakimiyyətinin məlumatında isə deyilir ki, dünən axşam saatlarından Bakı və Abşeron yarımadasında başlayan, güclü küləklə müşayət olunan leysanla bağlı şəhər kommunal xidmətləri xüsusi gücləndirilmiş iş rejiminə keçib:
"Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirilib ki, bu gün səhər saat 10:00 üçün olan məlumata görə güclü külək nəticəsində şəhərdə 55 ağac sınıb, 15-dən çox ağacın budaqları qırılıb. Birliyinin əməkdaşları tərəfindən qırılan ağaclar kəsilib, zədələnənlər budanıb, ərazi təmizlənib. Hazırda birliyin mobil qrupları şəhərin müxtəlif ərazilərində gücləndirilmiş rejimdə işlərini davam etdirir".
Yaranmış vəziyyətlə bağlı məsul qurumlardan olan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, hazırda bütün su-kanal idarələrinin rəhbərliyi, əməkdaşları, qəza xidməti ərazilərdədir və burada yığılan suyun çəkilməsi ilə bağlı işlərini həyata keçirirlər:
“Bəzən ərazidə olan kanalizasiya kollektoru, yağış sularını daşımaq üçün istifadə edilən drenaj sistemləri həmin yağıntının miqdarını çox olduğundan daşımaqda çətinlik çəkir. Ancaq kanalizasiya sistemi də normal işləyir. Drenaj sistemləri də həmin ərazilərdə normal işləməsinə baxmayaraq, yağışların fasiləsiz yağması bəzən suların aparılmasına maneçilik yaradır".
Hər kəsin gözlə gördüyü vəziyyət isə onu göstərir ki, hava şəraiti ilə bağlı bir neçə gündür xəbərdarlıq edilməsinə baxmayaraq, müvafiq qurumlar heç nəyi nəzərə almayıblar. Şəhər iflic vəziyyətinə düşdükdən sonra tədbir görməyə çalışırlar. Yəqin ki, kanalizasiya sistemləri vaxtında təmizlənsəydi, bir sıra kanalizasiya qapaqları asfalt örtüyü altında qalmasaydı, yağış sularını ötürməyə kifayət edərdi.
Bəlkə də belə problem yaranmaması üçün kanalizasiya xətlərinin sayını artırmaq lazımdır. Ümumiyyətlə, müvafiq qurumlar vaxtında işinin öhdəsindən lazımınca gəlsə, sakinlər bu cür problemlə üzləşməzlər. Çünki bu gün yaranmış acınacaqlı vəziyyət ilk hadisə deyil və yəqin ki, son da olmayacaq. Müvafiq qurumlar isə ancaq fəsadın yaranmaması üçün deyil, baş verdikdən sonra aradan qaldırmaq üçün çalışaırlar.
Əgər buna çalışmaq demək mümkün olarsa...
Nigar Abdullayeva
"Cebheinfo.az"