Kiyevə hücum başlayıb

Kiyevə hücum başlayıb

Rusiya Ukraynanın paytaxtı Kiyevə, həmçinin Mikolayiv, Odessa və Çerkassı bölgələrinə pilotsuz uçuş aparatları və ballistik raketlərlə hücum edib.

"Cebhe.info" xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığından verilən açıqlamada Rusiyanın bu gecə 2 ədəd "İskəndər-M" ballistik raketi və 16 ədəd "Şahed" tipli pilotsuz uçuş aparatı (PUA) ilə Ukrayna ərazisinə hücum etdiyi bildirilib.

 Açıqlamada Kiyev, Mikolayiv, Odessa və Çerkassı vilayətlərində 15 PUA-nın hava qüvvələri tərəfindən vurulduğu qeyd edilib.

Kiyev Şəhər Hərbi İdarəsinin rəisi Sergey Popko Administrasiyanın sosial media hesabında verdiyi açıqlamada PUA-ların Rusiyanın Kursk vilayətindən Kiyevə göndərildiyini bildirib:

“PUA-lar Sumi və Çerkassı bölgələrindən keçərək cənub-qərbdən Kiyevə daxil olublar. Hava hücumundan müdafiə qüvvələri tərəfindən düşmənin bütün hədəfləri məhv edilib".

 Popko paytaxta hücum nəticəsində xəsarət alan və dağıntıların olmadığı barədə məlumat paylaşıb.

 Odessa vilayətinin Hərbi İdarəsinin rəisi Oleq Kiper sosial media hesabındakı paylaşımda Rusiya ordusunun Odessada həyata keçirdiyi PUA hücumunda evlərə ziyan dəydiyini, 2-si uşaq olmaqla 7 nəfərin yaralandığını bildirib.

Nigar Hacılı 
"Cebhe.info"