Meksikada evdə 17 cəsəd tapılıb

Meksikada evdə 17 cəsəd tapılıb

Meksikanın Quanajuato əyalətinin İrapuato şəhərində tərk edilmiş evdə 17 nəfərin cəsədi tapılıb.

"Cebheinfo.az" xəbər verir ki, Quanajuato Əyalət Prokurorluğundan verilən açıqlamada itkin düşmüş şəxslərlə bağlı araşdırmanın davam etdiyi və İrapuato şəhərində tərk edilmiş bir evdə araşdırma aparıldığı qeyd edilib.

Bildirilib ki, İrapuato şəhərində yeraltı tarama radarları və cəsəd axtarış itləri ilə aparılan axtarışlarda kartellərin istifadə etdiyi tərk edilmiş bir evdə 17 cəsəd, bıçaq, pala, kərki və kürək tapılıb. Prokurorluq meyitlərdən 5-nin itkin düşmüş kimi axtarışda olan şəxslərə məxsus olduğunu bildirib.

Meksikada Santa Rosa de Lima ilə ölkənin ən güclü kartellərindən biri olan Xalisko Yeni Nəsil arasında tez-tez toqquşmalar baş verir. 

Keçən il Quanajuato ştatında 3151 qətl hadisəsi qeydə alınıb ki, bu da Meksika ştatları arasında ən yüksək rəqəmdir və ölkə üzrə işlərin 10 faizini təşkil edir.

Nigar Hacılı 
"Cebheinfo.az"