Ramzan Kadırov “taxtdan” salınır: Kreml varislə bağlı qərar verib

Ramzan Kadırov “taxtdan” salınır: Kreml varislə bağlı qərar verib

Kreml Çeçenistan rəhbəri Ramzan Kadırovun varisi ilə bağlı qərar verib.

“Cebhe.info” xəbər verir ki, bu barədə “Novaya Gazeta Europe” nəşrinin hazırladığı araşdırmada bildirilir. Qeyd olunur ki, bu, xüsusi təyinatlı "Axmat"ın komandiri Apti Alaudinovdur. 

Rəsmi məlumatlara görə, Alaudinov Stavropol diyarının Novoselski rayonunda zabit ailəsində anadan olub. 2001-ci ildə (Çeçenistanda döyüşlər davam edərkən) o, Çeçenistan Dövlət Universitetində hüquqşünas diplomu alıb, sonra prokurorluqda işə düzəlib. 

Alaudinov 29 yaşında Daxili İşlər Nazirliyində əmək fəaliyyətinə başlayıb, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi və nazir müavini vəzifələrinə qədər yüksəlib.

2021-ci ildə onun Kadırova sui-qəsddə iştirakına aid şayiələrə görə vəzifəsindən uzaqlaşdırıldığı bildirilir. 2022-ci ildə Ukraynaya qarşı müharibədə iştirakına görə Putin Alaudinova "Rusiya Qəhrəmanı" adı verib.

Aprelin 16-da prezident Vladimir Putin Alaudinovun Rusiya Müdafiə Nazirliyi Hərbi-Siyasi İşlər üzrə Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin edilməsi haqqında sərəncam imzalayıb. Nəşr bu təyinatı Alaudinovun gələcək "möhtəşəm" karyerasında pillə adlandırıb. Qəzet xatırladır ki, 2023-cü il dekabrın 18-də Moskvada "Vahid Rusiya"nın qurultayı keçirilib və orada nümayəndələr Putinin beşinci müddətə prezidentliyə namizədliyini dəstəkləyiblər. Qurultayda Alaudinov da çıxış edib. O, xüsusilə ənənəvi dəyərlərdən və dindən danışıb. 

“Alaudinovun bu çıxışı onun sürətli karyera yüksəlişinin ilk mühüm siqnalı oldu”, - deyə nəşr vurğulayır. Yanvarda Alaudinovun prezident seçkisində Putinin vəkili olması xəbəri də yayılıb. Martda Alaudinov "Vaqner" özəl hərbi şirkətinin 3 min döyüşçüsünün rəhbərlik etdiyi "Axmat" xüsusi təyinatlı dəstəsinə köçürülməsi ilə bağlı danışıqları uğurla başa çatdırıb, apreldə isə Müdafiə Nazirliyi yanında "siyasi rəhbər" (politruk) təyin edilib. Yəni hər şy çox sürətlə baş verib. 

Nəşr iddia edir ki, həkimlərin mədəaltı vəzinin nekrozu diaqnozu qoyduğu R.Kadırovun səhhəti tam sağalmağa ümid vermir. Həmçinin bildirilir ki, 2023-cü ildə Kadırov şiddətli ağrı və yuxusuzluğa görə qəbul etdiyi dərmanın həddindən artıq dozası səbəbindən medikamentoz komaya düşüb. Nəşrin mənbələri iddia edirlər ki, bundan sonra həkimlər Kadırovun vəziyyətini stabilləşdirə biliblər, lakin onun beyninin müayinəsinin nəticələri Kadırovun qohumlarını sarsıdıb. Çeçenistan rəhbərinin səhhətindəki problemlər rəsmən təsdiqlənməyib. 

Nəşr hesab edir ki, ötən ilin sentyabrından Rusiya Prezident Administrasiyası Çeçenistanda hakimiyyətin məcburi dəyişdirilməsi ilə bağlı ssenari hazırlamağa başlayıb. 

“Cebhe.info