Şaraa yenə diqqət mərkəzinə düşdü

Şaraa yenə diqqət mərkəzinə düşdü

BMT Baş Assambleyasının 1959-cu ildə imzaladığı Uşaq Hüquqları Bəyannaməsini anmaq məqsədilə hər il 20 noyabrda qeyd olunan Dünya Uşaq Hüquqları Günü Suriyada maraqlı mənzərələrlə yadda qalıb.

"Cebheinfo.az" xəbər verir ki, bir zamanlar, Bəşər Əsəd devrilməmişdən əvvəl “Əl-Qaidə” ilə əlaqəli “Həyat Təhrir əş-Şam” qruplaşmasının lideri olmuş, hazırda isə müvəqqəti hökumətə rəhbərlik edən Əhməd əş-Şaraa və həyat yoldaşı paytaxt Dəməşqdə təşkil olunan tədbir çərçivəsində uşaqlarla görüşüblər.
Tədbir zamanı Şaraa, gələcəkdə “müdafiə naziri” olmaq istəyən bir uşağa müraciətlə, “Müdafiə çətin işdir ha… Atan kimi vəhşi ol,” – deyə bildirib.

Ərəb dilində “vəhşi” mənasını verən “wahş” sözü Suriyada xüsusilə silahlı qruplar arasında militarist tərif kimi istifadə olunur.
Əhməd əş-Şaraanın “tövsiyə” verdiyi uşağın isə Suriyadakı toqquşmalarda həlak olmuş cihadçı döyüşçülərdən biri Osama Namuranın oğlu olduğu ortaya çıxıb.

Ərəb mediasının məlumatına görə, “Fəth ordusu” adlı cihadçı qruplaşmanın liderlərindən biri olan Namura, İdlib əməliyyatları və Hələb mühasirəsində mühüm rol oynamışdı.

Nigar Hacılı 
"Cebheinfo.az"