“Taurus” raketləri: Almaniya nədən ehtiyat edir?

“Taurus” raketləri: Almaniya nədən ehtiyat edir?

Bavariya əyalətinin baş naziri, Xristian-Sosial İttifaqının (XSİ) lideri Markus Zöder Almaniyanın Ukraynaya “Taurus” qanadlı raketləri verməsi məsələsinə ehtiyatla yanaşıb.

"Cebheinfo.az" xəbər verir ki, Markus Zöder "Augsburger Allgemeine" qəzetinə müsahibəsində yekun qərarın kanslerin verəcəyini deyib.

"Amma əvvəlcə özümüzə bu raketlərdən nə qədər çox varsa, o qədər lazımdır”, – deyə əlavə edib. 

Markus Zöderin fikrincə, bu raketlər Almaniyanın sahib olduğu “ən yaxşı silahdır”.

O qeyd edib ki, Almaniyanın real pilotsuz təyyarə ordusuna və İsrailinki kimi öz “raketə qarşı müdafiə qalxanına” ehtiyacı var.

Xatırladaq ki, aprelin 13-də Xristian Demokratlar İttifaqının (XDİ) lideri Fridrix Merts hansı ki, mayda yeni hökumətə rəhbərlik edəcəyi gözlənilir, “Taurus” raketlərinin Ukraynaya verilməsinin mümkün olduğunu deyib.

Amma o vurğulayıb ki, bu qərar Avropa İttifaqındakı tərəfdaşlarla razılaşdırılmalıdır.

O bildirib ki, hazırda Ukrayna ordusu əsasən müdafiə olunur, amma onun Rusiya ordusunun təchizat yollarını, o cümlədən Krım körpüsünü vura bilməsi üçün imkanları olmalıdır.

Rusiyanın Almaniyadakı səfiri Sergey Neçayev isə xəbərdarlıq edib ki, Almaniyanın Ukraynaya “Taurus” raketləri verməsi döyüşlərin gedişatına ciddi təsir etməyəcək, amma bu addım Rusiya-Almaniya münasibətlərinə “tamamilə fərqli məzmun” gətirəcək.

Qeyd edək ki, Kiyev uzun müddətdir Berlinə “Taurus” raketləri üçün müraciət edir. Bu raketlər Britaniyanın artıq Ukraynaya verdiyi “Storm Shadow”larla oxşardır, amma Almaniya-İsveç istehsalı olan “Taurus”ların uçuş məsafəsi daha uzundur.

Rusiya Prezidenti Vladimir Putin ötən il noyabrın 28-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitində xatırlatmışdı ki, Qərbin uzaqmənzilli silahlarının Rusiya ərazisində istifadəsi NATO-nun münaqişəyə birbaşa qoşulması anlamına gələcək və Moskva bu barədə dəfələrlə xəbərdarlıq edib.

Səbinə Uğur
"Cebheinfo.az"