Tbilisidə aksiya: Gecəni parlamentin binası qarşısında keçirdilər

Tbilisidə aksiya: Gecəni parlamentin binası qarşısında keçirdilər

Tbilisidə etirazçılar hökumət rəsmilərinin 1989-cu il aprelin 9-da nümayişin yatırılması qurbanlarının xatirəsinə ucaldılmış abidəyə getməsinə mane olmaq üçün gecəni parlament binası qarşısında keçiriblər.

Etirazçılar çərşənbə axşamı axşam saatlarında mərkəzi Rustaveli prospektində toplaşıblar. 

“Cebhenfo.az” xəbər verir ki, onların arasında ötən ilin dekabrında keçirilən mitinqlərdə saxlanılanların ailə üzvləri də var. Onların məqsədi Baş nazir İrakli Kobaxidzenin və digər hökumət rəsmilərinin parlament binasının qarşısında yerləşən memoriala çatmasının qarşısını almaqdır. Hər il aprelin 9-da ölkənin yüksək vəzifəli şəxsləri 1989-cu il hadisələri qurbanlarının xatirəsini yad etmək üçün buraya gəlirlər. Həmin gün sovet qoşunları Gürcüstanın müstəqilliyi uğrunda keçirilən mitinqdə nümayişçiləri dağıdıb, nəticədə 20-dən çox insan həlak olub.

Hazırda parlament qarşısında vəziyyət sakitdir, hüquq-mühafizə orqanlarının əməkdaşları aksiyaya müdaxilə etmirlər.

Gürcüstanda ötən il noyabrın 28-dən, Baş nazir İrakli Kobaxidzenin ölkənin Avropa İttifaqına üzvlüklə bağlı danışıqların başlaması prosesini birtərəfli qaydada dondurduğunu elan etməsindən bəri etirazlar keçirilir. Etirazların ilk günləri ən gərgin günlər olub, xüsusi təyinatlılar nümayişçiləri dağıtmaq üçün müxtəlif vasitələrdən istifadə edib və yüzlərlə insan saxlanılıb. Bir neçə nəfərə qarşı cinayət işi açılıb.

Xəzər
“Cebheinfo.az”