Azərbaycan manatı güclü valyutalardan biridir

Azərbaycan manatı güclü valyutalardan biridir

Azərbaycan dövlət müstəqilliyinin bərpasından sonra suverenliyin əsas atributlarından sayılan milli valyutamız olan manat 1992-ci il avqustun 15-dən etibarən tədavülə buraxılsa da, milli pulumuzun əsas dəyər qazanmasında mərhum Prezident Heydər Əliyevin 1993-cü il 11 dekabr tarixli “Azərbaycan Respublikası milli valyutasının respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında” Fərmanı mühüm rol oynadı. 

Bu Fərmanla manatın dövriyyədə yeganə ödəniş vasitəsi olması təsbit edildi və Azərbaycanın rubl zonasından çıxması təmin edildi. Bununla Mərkəzi Bank müstəqil pul və məzənnə siyasəti həyata keçirmək imkanı əldə etdi ki, bu siyasətin də müsbət nəticələri qısa müddətdə ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini verdi.

Manatın sabitliyi bu gün də davam etməkdədir. Təsadüfi deyil ki, 1998-ci ildə Asiya ölklərindəki maliyyə böhranı, eləcə də 2008-ci ilin sonu, 2009-cu ilin əvvəli üzrə dünya maliyyə böhranına baxmayaraq, manat öz məzənnəsini sabit saxlaya bildi. Manatın öz sabitliyini qoruyub saxlamasının ən mühüm səbəbi iqtisadi göstəricilər və dövlət siyasətinin düzgün strategiyası idi.

Manatın denominasiyası zamanı da Azərbaycan heç bir problem yaşamadı. 2006-cı ilin yanvar ayından yeni əskinaslar dövriyyəyə buraxıldı və bu proses zamanı da infilyasiya və digər problemlərlə üzləşilmədi. 

Təbii ki, buna Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət quruculuğu istiqamətində həyata keçirilən iqtisadi islahatlar, yürüdülən düzgün iqtisadi siyasət, o cümlədən pul və valyuta siyasəti nəticəsində dayanıqlı makroiqtisadi sabitlik və yüksək templi iqtisadi artım manatın denominasiyasının həyata keçirilməsi üçün əlverişli şərait yaratdı.

İstər o zaman, istərsə indi Azərbaycan Mərkəzi Bankı da öz fəaliyyətini müvəffəqiyyətlə yerinə yetirərək dövlətin iqtisadi inkişaf strategiyasına fəal dəstək verib. Bank öz məqsədyönlu fəaliyyəti ilə makroiqtisadi və maliyyə sabitliyini etibarlı şəkildə qoruyur, bank və ödəniş sistemlərinin inkişafını təmin edir.

Mərkəzi Bank ictimai dəyər yaradan digər mühüm funksiyalarını, eləcə də nağd pula olan tələbatının dolğun şəkildə ödənilməsini, nağd pul dövriyyəsinin səmərəli idarə olunmasını uğurla həyata keçirir.

Azərbaycan iqtisadiyyatının, eləcə də bank və ödəniş sistemlərinin dinamik inkişafı milli valyutaya olan inamın artmasına, onun regional miqyasda cəlbedici valyutaya çevrilməsinə gətirib çıxarıb. Azərbaycan manatının regionda ən dayanıqlı və etibarlı valyutaya çevrilməsi onun ödəniş və yığım funksiyasını gücləndirib.

Mütəxəssislərin də fikrincə, cari ilin sonuna qədər Azərbaycanın idxal potensialının ən azı 19 milyard dollara çatacağı gözlənilir ki, bunu da aylara bölsək, təxminən 1.5 milyard dollar edir. Valyuta ehtiyatlarımız 70 milyard dollar, bizə lazım olan hissə isə doqquz milyard dollar həcmindədir. 

Hesab edilir ki, əgər 19 milyard dollar idxala bəs edirsə və xarici borclarımız ödənilirsə, manatın dəyəri heç bir halda aşağı düşə bilməz. Ən azı dörd il müddətində heç nə ixrac etməsək və heç nə qazanmasaq belə, manatın dəyəri olduğu kimi qalacaq və əlavə ehtiyatlar hesabına bu dövrdə ölkə yaşayacaq.

Hazırkı məqamda manatın dəyərdən düşməsi ehtimalı yoxdur. 2022-ci ildə həm Dövlət Neft Fondunun, həm də Mərkəzi Bankın vasitəsilə Azərbaycanın dövlət büdcəsinin ehtiyat fonduna təxminən 12 milyard dollardan çox vəsait əlavə olundu. 2023-cü ildə bu vəsait yeddi milyard dollardan çox oldu. Hazırda isə ölkəmizin 60 milyard dollardan çox ekstra ehtiyatları var. 

Beləliklə, 2024-cü ildə manatın məzənnəsi də çox dəyişməyəcək. Ölkəmizdə manatın dəyəri üzən (dəyişən) məzənnə rejimi əsasında formalaşır. İkincisi, neftin dünya qiymətləri əlverişli olduğundan və 2024-cü ildə belə qalacağından milli valyutamız, əslində, möhkəmlənməyə meyllidir. 

Valyuta bazarındakı bu güc həm də inflyasiyanın qarşısını alır. Həm Mərkəzi Bankın, həm də bütövlükdə dövlətin valyuta ehtiyatları durmadan artmaqda davam edir. 

Hazırda Azərbaycanın strateji valyuta ehtiyatları 68,3 milyard dollar, Mərkəzi Bankınki isə 11 milyard 654 milyon dollar təşkil edir. Təkcə Mərkəzi Bankın ehtiyatları milli valyutanın dəyərinin saxlanması üçün kifayət edir.

Nigar Abdullayeva
“Cebhe.info”