Tofiq Zülfüqarov: "Sovet işğalına qədərki sərhədi tələb edə bilərik" - MÜSAHİBƏ

Tofiq Zülfüqarov: "Sovet işğalına qədərki  sərhədi tələb edə bilərik" - MÜSAHİBƏ

Qazax rayonun işğal altındakı dörd kəndinin Azərbaycana qaytarılması və sərhədlərin delimitasiyasına başlanılması Ermənistanda revanşistləri ayağa qaldırıb.

Etirazçılar Paşinyan hakimiyyətini satqınlıqda ittiham edərək bu prosesi pozmağa çağırır. 

Ermənistan hökuməti isə sərhədlərin 1991-ci il xəritələri əsasında delimitasiya və demarkasiya olunmasında israr edir. Bu isə nəinki Azərbaycanın, hətta Ermənistanın da konstitusiyasına ziddir. 

Sərhəddəki proseslərin sülhə, yoxsa müharibəyə gətirib çıxaracağı ilə bağlı xeyli suallar səslənir. Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Cümhuriyət” qəzetinə müsahibəsində bu suallara aydınlıq gətirib: 

- İşğal altındakı kəndlərin qaytarılması və sərhədin delimitasiyasına etiraz olaraq Ermənistanda davam edən aksiyalar bu prosesin qarşısını alacaq, yoxsa Nikol Paşinyan hakimiyyəti bu məsələdə siyasi iradə nümayiş etdirə biləcək? 

- Ermənilər həmişə olduğu kimi, özlərini elə aparırlar ki, sanki həmin kəndlər onların öz torpaqlarıdır və qaytarmaq istəmirlər. Halbuki, İkinci Qarabağ müharibəsindən əvvəl də deyirdilər ki, bir rayon qayıtsa, dünya dağılacaq. Amma bütün torpaqlar qaytarıldı və hər şey öz qaydasına düşdü. İndi də buna bənzər bir vəziyyət yaranıb. Əslində, bu məsələdə məntiqi ziddiyyət var. Ermənistan sərhədlərin Almatı Bəyannaməsinin prinsiplərinə uyğun şəkildə müəyyən edilməsini istəyir. Yəni ermənilər bununla Sovet dövründə kəndlərin Ermənistanın tərkibində olmadığını etiraf edirlər. Eyni zamanda, işğalın davamını tələb edirlər.

Ona görə də burada ziddiyyət var. Sadəcə olaraq, öz havadarlarına və dünya ictimaiyyətinə dörd kəndin qaytarılmasını bir növ faciə kimi təqdim etməyə çalışırlar. Lakin özləri Azərbaycan torpaqlarını işğal edəndə ədaləti yada salmırdı. Məlumdur ki, həmin kəndlər işğal olunanda 15 nəfərə yaxın soydaşımız qətlə yetirilib. İndi bu cinayəti ört-basdır etmək üçün etiraz aksiyaları keçirirlər. Hesab edirəm ki, bu tədbirlərdə Paşinyanın da əli var. 

- Paşinyan bu aksiyaları bəhanə edib, istər kəndlərin qaytarılması, istərsə də sərhədlərin müəyyənləşməsində güzəştlərdən imtina edə bilərmi? 

- Paşinyan özünü güzəştə meyilli göstərmək istəyir. Amma bu güzəşt deyil. Vaxtilə Ermənistan hərbi cinayət törədib, həmin ərazini işğal edib və azərbaycanlılara qarşı etnik təmizləmə aparıb. Bu hərbi cinayətlərə görə Ermənistan məsuliyyət daşıyır. 

Günahsız insanları qətlə yetirmiş adamlar məsuliyyətə cəlb ediləcək. Yəni Ermənistan bu prosesi pozmaq üçün dələduzluqla məşğuldur. 

- Delimitasiya və demarkasiya prosesinin Almatı Bəyannaməsi əsasında aparılması Azərbaycanın maraqlarına cavab verirmi? Hətta Ermənistan konstitusiyasına görə Ermənistan 1918-1920-ci illərdə mövcud olmuş Ararat Respublikasının siyasi varisidir.  Paşinyan hakimiyyəti isə Ermənistan SSR-in xəritəsinin maketini nümayiş etdirərək delimitasiya və demarkasiyanın 1991-ci il xəritələri əsasında həyata keçirilməsini tələb edir. Yəni rəsmi İrəvan Ermənistan konstitusiyasını da pozur. 

- Almatı Bəyannaməsindən çox adam danışır. Bu bəyannamənin yanlış şərh edilməsi Məşədi İbadın “Tarixi-Nadir” kitabını yarıya qədər oxumasına bənzəyir. Halbuki, “Tarixi-Nadir” 147 səhifə olub, Almatı Bəyannaməsi isə bir səhifəlik sənəddir. İndi məsələyə savadsız yanaşanlara Almatı Bəyannaməsini yenidən oxumağı tövsiyə edirəm. Orada qeyd edilir ki, tərəflər bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşır və onu qəbul edir. Amma orada nə xəritələrdən, nə də sərhədlərdən bəhs edilir. Orada sadəcə olaraq, bəyanat var.

Azərbaycan Almatı Bəyannaməsini 1991-ci ildə imzalasa da, 1993-cü ilin sentyabr ayında ratifikasiya edib. Ermənistan isə 1988-ci ildən etibarən Azərbaycana qarşı ərazi iddiaları irəli sürüb və hətta Sovet dövründə inzibati sərhədləri belə birtərəfli qaydada ləğv edib. Bu, Sovet ittifaqının qanunlarına zidd idi. İndi biz kimə şikayət edək? Dağılmış SSRİ-yə? Yəni 1991-ci ilin sərhədləri də xəritələri məfhumu mövcud deyil. Ona görə də biz delimitasiya və demarkasiya işləri aparan zaman sıfırdan başlamalıyıq. Yəni burada yeganə prinsip kimi Sovet dövründə mövcud olan inzibati sərhədlər əsas götürülməlidir. Sovet dövrünə aid sərhədlər dedikdə, 1920-ci ildən SSRİ-nin süqutuna qədər müxtəlif illərə aid inzibati sərhədləri əsas götürə bilərik. 

Çünki hüquqi baxımdan Almatı Bəyannaməsində sərhədlərə aid bir neçə kəlmə söz var. Razılaşmaya görə, dövlətlər qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü tanımalıdır. Ermənilər muxtariyyətlərin də bu sənədə qoşulmasını təklif ediblər. Rusiya isə bunu qəbul etmədi. Əks təqdirdə, Rusiya dağıla bilərdi. Yəni bu məsələ açıq qaldı. 

İstənilən hüquqşünas da bunu məntiqi cəhətdən sübut edə bilər ki, məhz Sovet dövrünə aid inzibati sərhədlər əsas götürülməlidir. Bolşevik Rusiyası Azərbaycanı 1920-ci il aprelin 28-də, Ermənistanı isə noyabr ayında işğal edib. Yeddi ay ərzində Qırmızı Ordu hansı sərhədlərdə dayanmışdısa, onu da əsas götürə bilərik. 

- Amma Paşinyan 1991-ci ilin xəritələrində Ermənistanın beynəlxalq səviyyədə de-yure tanınmış sərhədlərinin öz əksini tapdığını deyir... 

- Bu sərhədləri beynəlxalq səviyyədə kim tanıyıb? Paşinyan özü demir ki, bizə kadastr lazımdır. Paşinyanın, Makronun necə təsəvvür etməsindən asılı olmayaraq, bu sərhədlərin hüquqi əsasları yoxdur. 1991-ci ildə sərhədlər yox idi. Almatı Bəyannaməsində xəritələr olub? Xeyr. BMT-yə üzv olarkən hər hansı xəritələr təsdiqlənib? Xeyr. Yeganə beynəlxalq hüquqa uyğun olan sərhədlər qonşu ölkələr arasında mövcud olan saziş əsasında müəyyən olunur. 

- “Dövlət sərhəddi haqqında” Qanuna görə, sərhəd xəttinin rəsmiləşdirilməsi və nişanlanması dövlətlərarası müqavilə və Azərbaycan qanunvericiliyi ilə təsbit edilir.  Amma Ermənistanla belə bir müqavilə yoxdur. Üstəlik, Ermənistan delimitasiya prosesində Azərbaycan qarşısında Sovet dövründə mövcud olmuş inzibati sərhədlərin müstəqil dövlət sərhədi kimi tanınmasına dair hüquqi öhdəlik yaratmayan Almatı Bəyannaməsində israr edir.

- Almatı Bəyannaməsi hüquqi öhdəlik yaradır. Lakin bu, tərəflər arasında aparılan danışıqlar nəticəsində qarşılıqlı şəkildə müəyyən olunmalıdır. 

- Ermənistan hakimiyyəti hesab edir ki, Azərbaycan Almatı Bəyannaməsini imzalayıbsa, 1991-ci il xəritələrinə dair sərhəd xəttini məcburi qəbul etməlidir. Bu isə Azərbaycan qanunvericiliyinə ziddir...

- Ermənistanın bu iddiasının əsası yoxdur. Belə bir öhdəlik mövcud deyil. 1991-ci ildə Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyən edilməsinə dair danışıqlar aparılmırdı. Bu danışıqlar indi başlayıb. Yalnız danışıqlar başa çatdıqdan sonra sərhədlər müəyyən olunacaq. Almatı Bəyannaməsi prinsipləri müəyyən edir. Yəni qonşu ölkələr sərhədləri sülh yolu ilə müəyyənləşdirməlidir. Məsələn, Rusiya və Ukrayna arasında belə bir saziş var. Azərbaycanla Ermənistan arasında isə belə bir müqavilə yoxdur. Azərbaycanın Almatı Bəyannaməsi üzrə hər hansı öhdəliyi yoxdur. Sadəcə qeyd edilir ki, qonşu dövlətlər arasında danışıqlar aparılmalıdır. 

- Sülh sazişi imzalanmamış sərhədlərin delimitasiya olunması nə qədər məqsədəuyğundur? Siz də əvvəllər demisiniz ki, delimitasiya və demarkasiya texniki məsələdir və sülh müqaviləsindən sonra aparılmalıdır. 

- Çərçivə sülh sazişi heç bir məsələni həll etmir və sadəcə olaraq, sərhədin delimitasiyası və demarkasiyasının danışıqlar yolu ilə müəyyən edib, tanınmasına dair prinsipi özündə ehtiva edir. Yekun sülh müqaviləsi isə bir neçə ildən sonra mümkün ola bilər. 

- Öncə çərçivə sülh sazişi imzalanmalı, yoxsa sərhədlər müəyyənləşməlidir? 

- Çərçivə sülh sazişi Almatı Bəyannaməsinin prinsiplərini təkrarlaya bilər. Yəni müqaviləni imzalayan tərəflər danışıqlar yolu ilə delimitasiya və demarkasiya prosesini həyata keçirəcəyinə dair qarşılıqlı öhdəlik götürürlər. Amma sərhədin konkret haradan keçəcəyi sonra müəyyən olunacaq. Komissiya da məhz bu məqsədlə təşkil olunub. 

- Delimitasiya və demarkasiya üzrə komissiyalar arasındakı razılaşma dövlətlərarası müqaviləni əvəz etmək səlahiyyətinə malikdirmi? 

- Azərbaycan və Ermənistan prinsip barəsində razılığa gəlməlidir. Paşinyan əlində 1975-ci ilin xəritəsinin maketini gəzdirir. Bu, onun mövqeyidir. Azərbaycan isə sərhədin müxtəlif hissələrinə dair müxtəlif illərin xəritələrinin tətbiq olunmasını təklif edir. Razılaşma hələ bu səviyyədədir. Komissiyalar danışıqları məhz bu mövqedən çıxış edərək aparırlar.

- Ermənistan sərhədlərin Almatı Bəyannaməsinin imzalandığı dövrə aid xəritələr əsasında müəyyənləşməsinə dair öhdəliyin sülh müqaviləsinin mətninə daxil edilməsini təklif edir. Xarici işlər naziri Ararat Mirzoyan bununla bağlı tərəflər arasında fikir ayrılığının olduğunu demişdi. 

- Görünür, Mirzoyan məsələni yaxşı başa düşmür. Orada  qeyd edilir ki, tərəflər qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü tanımalıdır. Bu isə danışıqların nəticəsində müəyyən olunacaq. 

- Paşinyan hakimiyyəti isə əvvəldən 29 743 kvadrat kilometr ərazidə Ermənistanın ərazi bütövlüyünün tanınmasında israr edir. 

- Onlar kvadratla, kiloqramla ölçə bilər. Amma dünyada ərazi bütövlüyünün kvadratkilometrlə ölçülməsi anlayışı yoxdur. Yalnız delimitasiya və demarkasiya prosesi başa çatdıqdan sonra hansı tərəfin nə qədər ərazisi olduğunu söyləmək olar. 

- Azərbaycan konstitusiya ilə 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisidir. Bu baxımdan, Sovet dövrünə aid xəritələr əsasında delimitasiyanın aparılması Azərbaycan Konstitusiyasına zidd deyilmi? 

- Azərbaycanın mövqeyi danışıqlarda bu məsələni gündəmə gətirməyə imkan verir. Yəni Azərbaycan 1920-ci il aprelin 28-ə olan sərhədlərin bərpasını tələb edə bilər. Sovet dövründə isə fərqli vəziyyət olub. 

Müşfiq Abdulla
"Cebhe.info"