Bakıda eşşəyin özü ilə südü eyni qiymətədir: "200 manata...”- MÜSAHİBƏ

Bakıda eşşəyin özü ilə südü eyni qiymətədir: "200 manata...”- MÜSAHİBƏ

Eşşək südünün xalq təbabətində öz yeri var.

Belə ki, eşşək südü allergik, həzm, ürək və damar sistemi xəstəliklərində olduqca faydalıdır. Bundan əlavə, astma və bronxit xəstəliyinin müalicəsinə kömək elədiyi, üstəlik, yoğun bağırsaq xərçənginin müalicəsini sürətləndirdiyi məlum olub. Bu südün sədəf və serroz kimi xəstəliklərin müalicə müddətində də müsbət təsirə malik olduğu bildirilir. Onun tərkibindəki minerallar bədənin müqavimətini artırır, immunitet sistemini gücləndirir. Bu müqavimət xərçəng xəstəliyi ilə mübarizədə ən vacib silahdır.

Dünyanın bir çox ölkələrində eşşək südü və pendiri istehsal edilir. Onların arasında ABŞ, Braziliya, Fransa, İtaliya, İngiltərə, İspaniya, Çin və digər ölkələrin adlarını qeyd etmək olar. Eləcə də qardaş Türkiyədə artıq bir müddətdir ki, eşşək fermaları yaradılıb. Azərbaycanda da eşşək fermaları fəaliyyət göstərir.

Eşşək südünün faydaları həm elmdə, həm də xalq təbabətində öz əksini tapıb. Lakin xatırladaq ki, Azərbaycanda son 1 il ərzində eşşəklərin sayında ciddi azalma qeydə alınıb. 2024-cü ilin əvvəlində ölkəmizdə 14 924 baş eşşək olub. Məlumata görə, eşşəklərin böyük hissəsinin - 10 174-nün yaşı 3 və daha çoxdur. Qeyd edək ki, ötən ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda eşşəklərin sayı 20 mindən bir qədər çox olub. Beləliklə, 1 il ərzində ölkəmizdə 5 mindən artıq eşşək “yoxa çıxıb”. Ümumiyyətlə, son 20 ildə Azərbaycana eşşəklərin sayı təxminən 3 dəfə azalıb. 2004-cü ildə ölkəmizdə 42,2 min, 2014-cü ildə 43,4 min baş eşşək olduğu halda 2024-cü ilin məlumatlarına görə bu rəqəm 14,9 min olub.

"Cebhe.info"-nun müsahibi Azərbaycanda 4 ildir eşşək südünün satışı ilə məşğul olan Firuz Həşimovdur.

- Firuz bəy, təsərrüfatla harada məşğul olursunuz? Eşşəklər nə ilə qidalanır?

- Eşşəkləri Xocəsəndə tövləmdə saxlayıram. Qulluğuna gəldikdə isə eşşəklərə gün ərzində saman, arpa və su verilir.

-Eşşək südünü alıcılara neçəyə təklif edirsiniz?

- Eşşək elə bir heyvandır ki, çox süd vermir. Hazırda isə südün 100 qramı 20 manatdır.

- Eşşək südü ilə bağlı müraciət edənlərin sayı çoxdur?

- Tələbat hər zaman müəyyən qədər olur. Amma payız, qış vaxtları daha çox olur, yaz-yay vaxtlarında müraciət edənlərin sayı azalır.

-İnsanlar niyə eşşək südü almaq istəyirlər?

- Adətən göyöskürək və qızılca xəstəliyinin müalicəsində istifadə etmək üçün alırlar. Amma qeyd edim ki, kosmetoloji vasitələr hazırlamaq üçün də müraciət edənlərin sayı az deyil.

- Əvvəllər də eşşək südünə belə tələbat var idi?

- Əvvəllər də olub, amma son zamanlar xüsusilə tələbat artıb, müraciət edənlərin sayında artım müşahidə olunur. 

-Eşşək südü olduğuna necə inanmaq olar?

-Müraciət edən şəxsin öz yanında sağıb veririk, heç bir şübhə yeri qalmır.

Ləman İsmayıl
"Cebhe.info"