61 yaşlı müəllim: “İndiki qədər çox imtahan heç bir dövrdə olmayıb” - MÜSAHİBƏ

61 yaşlı müəllim: “İndiki qədər çox imtahan heç bir dövrdə olmayıb” - MÜSAHİBƏ

Ölkədə təhsilin inkişafı ilə yanaşı, problemlər də var.

Təhsil sistemində baş verən proseslərlə bağlı yalnız məktəbi, müəllimi deyil, valideynləri və şagirdləri də günahlandırırlar. Ancaq bu gün uğur qazanan məktəblər, yüksək nəticə göstərən şagirdlər, öz peşəsinə sadiq müəllimlər də var. 

“Cebhe.info”-nun müsahibi ömrünün çox hissəsini təhsilə, şagirdlərinin uğur qazanmasına həsr edən həmin müəllimlərdən biri, Qəbələ rayonu Hacıalılı kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı tədris edən İradə Əhmədovadır. 

İradə Əhmədova 1963-cü ildə Qəbələ rayonu Bum qəsəbəsində zəhmətkeş bir ailədə dünyaya göz açıb. Azərbaycan Dövlət Pedaqoji universitetinin məzunudur.

1984-cü ildə Qəbələ rayonu Bum qəsəbəsində Azərbaycan dili və ədəbiyyat müəllimi olaraq fəaliyyətə başlayıb. 

- Uzun illər tədrislə məşğul olmusunuz. Son vaxtlar şagirdlərin dərslərə məsuliyyətlə yanaşmadığı deyilir. İndiki şagirdlərlə əvvəlki şagirdlər arasında fərq hiss edirsinizmi?

- Tamamilə haqlısınız. Şagirdlərin məsuliyyətinin azalması ciddi nəzərə çarpır. Sadəcə, bu vəziyyət məktəbdən məktəbə, sinifdən sinfə dəyişir. Müəllimin dərsi son dövr metodlarıyla maraqlı keçməsindən çox şey asılıdır. Təəssüf ki, imtahan gərginliyi, çoxluğu şagirdlərdə ruh düşkünlüyü yaradır. Belə olduqda, dərsə məsuliyyətlə yanaşa bilmirlər. Təhsil sistemimizdə bir çox məsələlər, problemlər həllini tapdıqca, şagirdləmizin də məsuliyyət hissinin, uğurlarının artmasına böyük inamım var.

- Məllimlərlə bağlı isə bildirilir ki, son vaxtlar yaxşı dərs keçmir, yəni biliyini dərsdən sonra repetitorluğa yönəldirlər. Bu barədə nə deyərdiniz?

- Bu problemi çox gözəl vurğuladınız. Məqsədli şəkildə hazırlığa çox şagird cəlb etmək məqsədilə dərsini yaxşı keçməyən,  məsuliyyətli yanaşmayan müəllim kütləsi də hazırda məktəblərimizdə çoxluq təşkil edir. Ancaq özüm illərdir repititor işləyən müəllim olaraq bildirirəm ki, xüsusən maddi imkanı yaxşı olmayan, ancaq təhsilə maraqlı çoxsaylı qız uşaqlarını ödənişsiz hazırlığa cəlb etmişəm. Hər kəs öz işində vicdanlı olmalıdır. Xüsusən, müəllimlər buna borcludurlar.

- Müəllimlərin sertifikasiyası keçirilir. Ötən il də Azərbaycan dili və ədəbiyyat fənni üzrə oldu. Sizin sertifikasiyaya münasibətiniz necədir?

- Sertifikasiyanın mütəmadi keçirilməsi müəllimlərin bilik və bacarıqlarının yenilənməsinə səbəb olduğuna görə münasibətim çox əladır. Ötən il yaşı altmışı keçən müəllimlər üçün keçirilməsinə ehtiyac duyulmadı. Əvvəlki dövrlərdə isə iştirak etmişəm.

Son illərdə diaqnostik imtahanda iştirak etmişəm, məsələn, 2019-cu ildə. Nəticəm də qənaətbəxşdir.

- Bəzi müəllimlər sertifikasiyanın keçirilməsinə müsbət yanaşmırlar. Biliyi olan müəllim sertifikasiyadan niyə qorxmalıdır?

- Əlbəttə. Sadəcə, son illər sualların tərtibi çox sərbəst cavablar tələb etdiyindən imtahanlarda iştirak edən müəllimlərin əksəriyyəti suallarla bağlı narazılığını ifadə edir. Təəssüf ki, təcrübəsi az olanlar təcrübəsi çox olanlara suallar hazırlamaqdadır.

-Bu gün yaşlı müəllimlərin yerini gənc müəllimlərə verməsinin vacibliyi ilə bağlı çıxışlar da var. Sizcə, indiki gənc müəllimlər bu işin öhdəsindən layiqincə gələ bilirlərmi?

- Zamanla öz yerimizi gənclərə təhvil verməliyik. Bir neçə ildən sonra mən də öz yerimi gələcək kadrlara təhvil verərək bu müqəddəs işimdən ayrılmalı olacağam. Gənc kadrların isə repititorluq fəaliyyətləri göstərərkən şagirdlərinə daha da vicdanlı yanaşacaqlarına ümid etmək istəyirəm.

-Son illər şagirdlər arasında intiharlara rast gəlinir. Bu prosesdə imtahanların rolu nə dərəcədədir? 

- Son illər şagirdlər arasında imtahan nəticələrindən sonra intihar hallarının baş verməsi məni bir müəllim olaraq çox narahat edir. Nazirimiz çox doğru buyurur ki, bu qədər imtahan olmaz. İmtahanların sayını azaltmaq lazımdır. Şagirdlərimizin ruh yüksəkliyi qalxarsa, zamanla nəticələri daha da yaxşılaşacaq. İndiki qədər çox imtahan heç bir dövrdə olunmayıb. Bu, şagirdlərimizin mənəvi, fiziki sağlamlığına böyük zərərdir. Ali məktəb imtahanlarını yox, orta məktəbdə il ərzində şagirdlərin verdiyi imtahanları nəzərdə tuturam. Bu imtahanlar nazirimiz demişkən, həddən çoxdur. 

İmtahanların çoxluğu, seçdikləri ixtisas fənləri şagirdlərimizin daha çox çalışmalarına mane olur. Bu da təəssüf ki, şagirdlərimizdə ruh düşkünlüyünə və arzuolunmaz nəticələrə gətirib çıxarır.

-Belə bir fikir də var ki, şagirdlər məktəbə təhsil almaq üçün deyil, indi ancaq qəbul imtahanlarına hazırlıq üçün gedirlər...

- Məncə, bu hal məktəbdən məktəbə dəyişir. Bu baxımdan məktəb rəhbərliyindən çox şey asılıdır. Əslində ixtisas üzrə şagirdlərimiz yuxarı siniflərə çatdıqca vaxtında hazırlaşacaqları qrupu seçməlidirlər ki, daha yaxşı, həyəcan-təşvişsiz hazırlaşa bilsinlər.

-Uzun illər bu peşədə çalışmısınız. Ümumiyyətlə, müəllim peşəsi necə peşədir?

- Müəllimin müqəddəs missiyası var ki, bu da Vətənimizə bilikli, bacarıqlı, vicdanlı, mərhəmətli vətəndaş hazırlamaqdır. Bu baxımdan müəllimlər çox səbirlə, sevgiylə şagirdlərinə yanaşmalıdırlar. Təhsil sistemimiz biliyi daha çox tələb edir. Bu baxımdan, problem kimi imtahan çoxluğunu vurğuladım. Şagirdlərimizin həyatı bacarıqlarının, peşə fəaliyyətlərinin, psixoloji durumlarının - mənəviyyatlarının da inkişafı dərsliklərin tərtibində əsas meyar olmalıdır ki, müəllimlər də hərtərəfli dünyagörüşə malik şagird formalaşdıra bilsinlər. Əsas prinsipimiz bu olmalıdır ki, hamı müəllim, həkim, mühəndis ola bilməz.

Təhsil sistemimiz şagirdlərin psixoloji durumlarının yaxşılaşdırılmasını, doğru-düzgün şəxsiyyət kimi formalaşmalarını, hər şagirdin öz bacarığını kəşf etməsini qarşıya məqsəd qoymalıdır. Öz məktəbimdə hazırda şagirdlərimin bilik və bacarıqlarının müasir təhsil standartlarına uyğun olmasında, onların vətənpərvər, vicdanlı, əməksevər, ictimai işlərdə fəal formalaşması prosesində əlimdən gələni etməkdəyəm. 

-Niyə şagird biliyi məktəbdə yox, dərsdən sonra repetitor yanında öyrənir?

- Çox cavablar tələb edən gözəl sualdır. Təəssüf ki, repititor müəllimlərin bir çoxu işinə dəqiq, dürüst, məsuliyyətli, vicdanlı yanaşmır. Bir də elə məktəblər var ki, bir sinifdə qırxa yaxın şagird var. O sinifdə təhsilin keyfiyyətindən heç danışmaq olmaz. 

Bu baxımdan elə siniflərin şagirdləri mütləq repititor yanına getməlidirlər. Bütün problemlərimiz təhsil sistemimizdə ciddi islahatlara ehtiyac olduğundan xəbər verir.

- Siz həm də şəhidlərlə bağlı kitabın müəllifisiniz. 

- Qəbələ rayonu Bum qəsəbəsindən şəhidimiz Saleh Şirinov haqqında kitabın ərsəyə gəlməsində rol oynadığımı düşünürəm. Belə ki, Qəbələ rayonu Hacıalılı kənd orta məktəbinin müəllim və şagirdlərini şəhidimiz Saleh Şirinov haqqında esselər yazmağa dəvət etdik. Əvvəlcə, şəhidimizin anasıyla görüş təşkil etdim. Şəhidimiz həyat və fəaliyyəti, döyüş yolu, arzuları, planları haqqında xeyli məlumat topladıq. Bundan sonra esselər yazıldı və kitab halında nəşr olundu.

Nigar Abdullayeva
“Cebhe.info”