“Aktyorlar yaxşıdır, rejissorlar da keyfiyyətli işlər ərsəyə gətirsələr...”- MÜSAHİBƏ

“Aktyorlar yaxşıdır, rejissorlar da keyfiyyətli işlər ərsəyə gətirsələr...”- MÜSAHİBƏ

Ölkəmizdə teatra marağın azaldığı bildirilsə də, son zamanlar müəyyən canlanma hiss olunur.

Bunu teatr tamaşalarına biletlərin qısa müddətdə satılması, yeni tamaşaların anşlaqla keçməsi göstərir. Əməkdar artist, aktyor Rafael İsgəndərov “Cebhe.info”-ya müsahibəsində bu və digər mövzularla bağlı danışıb.

- Rafael bəy, son dövrlər teatr tamaşalarına maraq nə yerdədir?

- Mən hesab edirəm ki, teatrın repertuarı yaxşıdırsa, hər nə səbəb olursa- olsun onu izləyən tamaşaçı kütləsi olacaq. Sadəcə olaraq, tamaşanın təqdimatını daha çox kütləyə çatdırmaq lazımdır.

- İnsanların teatra marağını nece və hansı vasitələrlə artırmaq olar?

- Müxtəlif vasitələrlə artırmaq olar. Məsələn, reklam vasitəsilə, afişaları sosial şəbəkədə yaymaqla. O cümlədən televiziya və radio vasitəsi ilə tamaşaçıları məlumatlandırmaq olar. 

- Yeni dövr aktyorları sizi qane edirmi?

- Aktyorlar məni qane edir. İstedadlı aktyorlarımız kifayət qədərdir. Yeni aktyorlar da gündən günə yetişməkdədir. Sadəcə olaraq, keçmişlə müqayisədə rejissorların sayı bir qədər azdır. Teatrda dəyişiklik üçün rejissorlara ehtiyac var. 

- Keçmiş dövrlə müqayisə etdiniz. Teatrda hansı dəyişikliklərin olmasını istərdiniz?

- Keçmişlə müqayisədə qeyd etdiyim kimi, teatrlarda rejissorların sayı azdır. Rejissorların sayında artım olarsa və keyfiyyətli işlər ərsəyə gətirilərsə, o zaman teatrda canlanma baş verə bilər.

- Son zamanlar ən bəyəndiyiniz tamaşa hansıdır?

- Vaxtımın məhdud olmasından dolayı teatra tez-tez gedə bilmirəm. Ancaq vaxtım olan kimi gedib baxıram. Yaxşı, maraqla izlənilən tamaşalar olur, onları izləyirəm. Ən bəyəndiyim tamaşa isə yoxdur. Sadəcə baxıb bəyəndiyim tamaşalar olur. Sonuncu dəfə baxdığım tamaşa “Azdrama”da “Dantenin yubiley” olmuşdu.

Həsən Məmmədov
“Cebhe.info”