Azərbaycanda boşanan qadın və kişi təzminat ala bilər – MÜSAHİBƏ

Azərbaycanda boşanan qadın və kişi təzminat ala bilər – MÜSAHİBƏ

Azərbaycanda boşanmaların sayı hər il artır.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-noyabr ayları ərzində 49 549 nikah və 19 761 boşanma halı qeydə alınıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 6,2-dən 5,3-ə düşüb, boşanmaların sayı isə 1,6-dan 2,1-ə qədər artıb.

Dünyada boşanmaların səbəbləri barədə müəyyən araşdırmalar aparılır və statistik məlumatlar ortaya qoyulur.

Ekspertlərin araşdırmalarına görə, boşanmalar əsasən, dörd səbəbdən baş verir:

1. Seksual uyuşmazlıq 
2. Xarakter müxtəlifliyi 
3. Maliyyə çətinlikləri 
4. Əqli, fiziki, yaxud müxtəlif xəstəliklər.

Göründüyü kimi, tərəfələr arasında münaqişəyə səbəb olan əsas amillərdən biri də məhz maddi sıxıntılar və mülkiyyət məsələsidir. Ölkəmizdə insanlar ailə qurduqda nikah müqaviləsi bağlamadığı üçün boşandıqları zaman mülkiyyət məsələlərinə görə mübahisələr, anlaşılmazlıqlar yaşayırlar.

Bəs qanunvericilikdə bu məsələnin tənzimlənməsi hansı qaydada həyata keçirilir?

Bu və ya digər aktual məsələlər barədə vəkil Gülnar Qulizadə "Cebhe.info"-ya müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- Gülnar xanım, Azərbaycanda qadın boşanarkən hansı halda təzminat ala bilir?

- Azərbaycanda qanunvericilikdə boşanma zamanı təzminatı tənzimləyən qanun norması mövcud deyil. Qanunla şəxslər onlara dəymiş mənəvi ziyanı tələb edə bilər. "Mənəvi zərər" anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.

Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.

Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.

- Təcrübədə qadınların belə bir müraciəti olur?

- Təcrübədə müraciət edənlər, demək olar ki, çox azdır. Qadınların da müraciətinə az rast gəlinir.

- Bəs kişilər təzminat ücün müraciət edir?

- Xeyr, kişilər, demək olar ki, müraciət etmir.

Ləman İsmayıl
"Cebhe.info"