Cəmi 400 “like”

Cəmi 400 “like”

Sosial şəbəkələr və sosial medianın indiki inkişaf səviyyəsində bircə dəfə göz gəzdirmək kifayətdir ki, kimin siyasətçi,  kimin böhtançı, kimin jurnalist, kimin hay-küyçü olduğunu biləsən. 

Sosial şəbəkələr siyasət və siyasətbazlar üçün yaxşı fürsət yaradıb. Haqq ödəmədən fəaliyyətinin reklamını da aparmaq mümkündür, kimdənsə icazə almağa da ehtiyac yoxdur. Yeganə şərt xitab edə biləcəyin sosial bazanın olmasıdır. Sosial bazası, xitab edəcəyi kütlə olmayan siyasətçinin meydanda yeri olmadığı kimi, sosial şəbkədə də yeri olmur. Bunu AXCP sədri Əli Kərimlinin timsalında aydın görmək olar. 

İllərdir ki, siyasətlə məşğul olduğunu deyib, müxalifəti təftiş edib, özündən başqa kimsəni müxalifət kimi tanımayan Əli Kərimli internetinin olmadığını bəhanə etsə də, siyasi fəaliyyətini demək olar ki, sosial şəbəkələr üzərindən aparır. Müsahibələrini sosial şəbəkə platformalarında yayır, canlı yayımlara çıxır, rəhbərlik etdiyi AXCP və Milli Şuranın tədbirlərini orda paylaşır, anonslarını oradan edir. 

Etməyinə bütün bunları edir, amma etdiklərini nə qədər insan izləyir, nə qədəri bəyənir, neçə nəfər dəstək verir? Əli Kərimlinin bütün siyasi fəaliyyətini sosial şəbəkədə qurduğunu və partiyasını da evində oturub sosial şəbəkədən idarə etdiyini nəzərə alsaq, AXCP sədrinin ən böyük dəstəyi də elə daimi istifadəçisi olduğu bu sosial şəbəkələrdə olmalıdır.

Amma Əli Kərimlinin təkcə “Facebook”-dakı paylaşımlarına diqqət yetirəndə, bəyənmə sayının əsasən 400-500 civarında olduğunu, nadir hallarda 700-800-i keçdiyini görmək mümkündür. 

Ölkədə “böyük dəyişikliklər” vəd edib özünü “ana müxalifət” kürsüsünün yeganə sahibi elan edən bir partiya sədrinin real durumu belədir. Ölkədə demək olar ki, əksəriyyət aktiv sosial şəbəkə istifadəçisidir, fəal siyasi kəsim isə az qala bütün xəbərləri anında sosial şəbəkələrdən alır, amma Əli Kərimlinin xitab etdiyi narazı kəsimin belə onu dəstəkləmədiyi bu paylaşımlardan görünür.  

Əli Kərimli öz 400-lük “like”ı ilə sosial şəbəkədə çoxlarına uduzur. Müqayisə qüsurlu ola bilər, amma Kəramət Böyükçöl belə paylaşımlarının “like” sayına görə Əli Kərimlini dəfələrlə arxada qoyur. Yəni məsələ insanların tənqidi fikrə etinasız, yaxud Kərimlinin iddia etdiyi kimi, “qorxaqcasına” münasibəti deyil. Məsələ Əli Kərimliyə olan etimadsızlıqdır.

Cəmi 400 “like” ilə  insanları meydanlara səsləyir, “böyük dəyişikliklərin” anonsunu edir, mitinq keçirmək həvəsinə düşür. Partiyasının qeydiyyata alınması üçün tələb olunan 5 min üzvü toplamaq üçün aylarını və bütün imkanlarını sərf edən illərin partiya sədrinə üzvlərin yarısının yarısı belə bir “like”ı çox görürsə, düşünmək üçün çoxlu səbəb var.

Əli Kərimli iddialarını unudub bir anlıq da olsa bu barədə düşünsə, düşünməklə kifayətlənməyib sosial şəbəkə hesablarını analiz etsə, cəmiyyətdəki real dəstəyini hesablamaq və ona uyğun davanmaq imkanı qazanar. Amma bunun üçün özünə siyasətçi deyən kəsdə iradə olmalıdır. Hanısa maraqlar, vədlər qarşılığında “Facebook”'da, “YouTube”-da “meydanları insanların üzünə açın” demək asandır, amma 400-lük “like”la o meydanın bir küncünü belə doldurmaq mümkün deyil.

Süleyman Yusifov
"Cebhe.info"