IV Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı keçirilir

IV Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı keçirilir

IV Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı ölkənin digər bölgələrində də təşkil olunub.

Cebhe.info xəbər verir ki, festival 15-22 sentyabr tarixlərində Bakı, Şəki və Lənkəran şəhərlərində keçirilir.

Paytaxtda festivalın açılışı sentyabrın 15-də baş tutub.

Şəki və Lənkəranda isə bu gün, sentyabrın 16-sı müxtəlif saatlarda 3 film nümayiş olunmaqla açılış mərasimi keçirilib.

Bundan başqa, digər günlərdə hər üç şəhərdə nümayiş olunan filmlərin proqramı festivalın rəsmi sosial şəbəkə hesabında paylaşılıb.
Festivalda Amsterdam Beynəlxalq Sənədli Filmlər Festivalında (IDFA) əsas mükafata layiq görülən “Apoloniya, Apoloniya” (Leo Qlob), Sundance Film Festivalında yarışmış “Sirenalar” (Rita Bağdadi), Venesiya kinofestivalının müsabiqədənkənar proqramında nümayiş edilmiş “Aradüzəldən” (Benedetta Argentieri), Berlin Beynəlxalq Film Festivalının qalibi “Tehranda yeddi qış” (Steffi Niderzol) kimi filmlər festival çərçivəsində nümayiş olunacaq.

Əcnəbi və yerli rejissorlar tərəfindən göndərilmiş filmlər içərisindən seçilmiş ekran işləri “Beynəlxalq qısametraj sənədli film”, “Yerli qısametraj sənədli film” və “Tammetraj sənədli film” kateqoriyaları üzrə göstəriləcək. Dünya sənədli kinosunun məşhur imzalarından rejissor Anyes Vardanın retrospektivi, məşhur azərbaycanlı fotoqraf-rəssam Rəna Əfəndi ilə yerli auditoriyanın görüşü də festivalın proqramında yer alıb.

IV Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalının builki şüarı – “Sizin bölgədə əlçatmazdır” texnoloji yeniliklərin sərhədsizliyi fonunda fundamental insan və qadın hüquqlarının müxtəlif regionlarda prioritetə çevrilməməsini diqqət mərkəzinə alır.

Günay Şahmar
Cebhe.info