Türk dünyasının kino sənətçiləri “Korkut Ata”da- PROQRAM

Türk dünyasının kino sənətçiləri “Korkut Ata”da- PROQRAM

Oktyabrın 8-11-də Bakı və Şuşa şəhərlərində keçiriləcək III “Korkut Ata” Türk Dünyası Film Festivalının proqramı bəlli olub.

Cebhe.info xəbər verir ki, festival Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi, TüRKSOY, Kino Agentliyi və Bakı Media Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşacaq.

Festivalda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistanla yanaşı, Qaqauz Yeri (Moldova), Tatarıstan, Altay və Başqırdıstan (Rusiya Federasiyası), həmçinin azsaylı türk xalqlarının təqdim etdiyi 40-a yaxın bədii, sənədli və animasiya filminin nümayişi baş tutacaq.

Filmlər festivalın keçirildiyi tarixdə Nizami Kino Mərkəzində nümayiş olunacaq. Festivalda ümumilikdə türk xalqlarının kinematoqrafçılarından ibarət 100-dən çox xarici qonağın iştirakı gözlənilir.

“Korkut Ata” III Türk Dünyası Film Festivalının oktyabrın 8-də rəsmi açılış və oktyabrın 11-də bağlanış mərasimləri təntənəli şəkildə Heydər Əliyev Mərkəzində keçiriləcək.

Festival çərçivəsində türk dövlətlərindən olan tanınmış kinematoqrafçıların TüRKSOY tərəfindən 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilmiş Şuşa şəhərinə tanışlıq səfərinin təşkil edilməsi və Bakı şəhərində zirvə toplantısının keçirilməsi nəzərdə tutulur.

Festivalın məqsədi Türk dünyasının birliyini və türk xalqları arasında mədəni əməkdaşlığı inkişaf etdirmək, türk dövlətlərinin iştirakı ilə ortaq audiovizual məkan yaradaraq türk xalqlarının bu məkana inteqrasiyasına töhfə verməkdir.

Qeyd edək ki, festival 2021-ci ildən təşkil olunur. Həmin il festival Türkiyənin İstanbul şəhərində, ötən il isə Bursa şəhərində keçirilib.

Günay Şahmar
Cebhe.info