Bu dəfə Əli Kərimlinin “çağırılmış bayatı”sı

Bu dəfə Əli Kərimlinin “çağırılmış bayatı”sı

AXCP sədri Əli Kərimli hər zaman olduğu kimi, yenə də öz yalanları ilə insanları aldatmağa çalışır. 

Əslində AXCP sədrini az da olsa tanıyanlar və çıxışlarını düzgün təhlil edənlər onun fikirlərinin yalan üzərində qurulduğunu çox gözəl bilirlər. Kərimlinin dəfələrlə həqiqəti əks etdirməyən və öz xəyal dünyasında uydurduğu "məlumat"ları insanlara sırımağa çalışdığı aydındır. Hər zaman öz məkrli, ancaq öz maraqlarının təmininə yönələn, bunun üçün bütün yolları mübah hesab edən AXCP sədri özünə sadiq qalaraq yalanlarını sırımağa çalışır.

Onlardan ən populyar olanı və bircə dəfə də olsun qulağına Əli Kərimlinin səsi dəymiş istənilən şəxs üçün ən “çağırılmış bayatı” "internetinin kəsildiyi" yalanıdır.  Belə ki, Əli Kərimli tez-tez "YouTube"-da qoşulduğu canlı yayımlarda internetinin kəsildiyini iddia edir. 

Hətta Əli Kərimli son olaraq "Azadlıq Radiosu"-na verdiyi videomüsahibədə internetin olmadığından gileyləndi. Maraqlıdır ki, adam illərdir internetinin olmadığını deyir, amma hər gün evindən canlı yayımlara qoşulur. O, hətta bir müsahibəsində artıq 3 ildir internetinin kəsildiyini deyib. 

Bunun üçün isə növbəti dəfə hakimiyyəti günahlandırıb. Lakin bunu deyən zaman nə hikmətdirsə, qarşı tərəf ona bu barədə heç bir sual ünvanlamayıb, halbuki, deyiləsi çox şey var. 

Birincisi, Əli Kərimlidən soruşmaq lazım idi ki, əgər həqiqətən 3 ildir interneti yoxdursa, az qala hər gün çıxdığı yayımlara, lap elə bunu iddia etdiyi o yayıma necə qoşulur?

Bəzən gündə bir neçə dəfə fərqli canlı yayımlara qatılır, eyni bayatıları (danışdığı bütün mövzular üçün bu keçərlidir) təkrarlayır, ürəyi bununla da soyumur, siyasi fəaliyyətində hansısa əskiklik hiss edən kimi “Facebook”-da bir status da paylaşır, eyni sözləri bir dəfə də ordan deyir. Və bütün bunları 3 ildir internetinin kəsildiyini iddia edən adam edir. 

Nəzərə alaq ki, Azərbaycanda internetin sürəti və keyfiyyəti həddindən artıq aşağıdır və təəssüf ki, dünyanın ən sürətli internetləri siyahısında da çox gerilərdəyik. Nəinki rayonlarda və kəndlərdə, hətta paytaxt Bakının özündə belə ciddi internet problemi var. Amma nə hikmətdirsə hamı üşün keçərli olan bu problem “3 ildir internetsizlikdən əziyyət çəkən” Əli Kərimliyə heç bir problem yaratmır. Yəqin ona görə də “olmayan” interneti ilə canlı yayımlara qoşulanda belə bu problemi dilinə gətirmir.

Təkcə bunumu? Əli Kərimli öz siyasi təcrübəsinə dayanaraq heç bir zaman əsl müxalifət kimi davranmayıb, həlli vacib və mümkün olan problemləri dilinə gətirməyib, hansısa təkliflə çıxış etməyib. Ona görə yox ki, Əli Kərimli bunları bilmir, ona görə ki, o problemlərin həlli Əli Kərimliyə lazım deyil. Ona əbədi müxalifətdə qalmaq üçün əbədi problemlər lazımdır. 

Vətəndaşlar nəinki xariclə saatlarla görüntülü yayıma qoşulmaq, hətta "WhatsApp"-da zəng edərkən belə internet problemi yaşadığı halda, AXCP sədrinin internetində bir dəfə belə olsun donma qeydə alınmır. İndiyə kimi də onun heç bir yayımının internetin sürətinə görə kəsildiyinin şahidi olmamışıq. Yəni biz belə bu qədər çox internet problemi yaşayarkən, adam çox rahat şəkildə internetdən istifadə edir. 

Əli Kərimlinin gününün sosial şəbəkələrdəki canlı yayımlarda keçdiyi də faktdır. Bəs onda AXCP sədrinin belə bir yalanı deməkdə məqsədi nədir? Bu sualın cavabı da olduqca sadədir. Əli Kərimli hər zaman olduğu kimi özünü məzlum və yazıq görkəmə salmağa çalışır. Bəlkə də o düşünür ki, belə yalanları ilə 3-5 nəfəri yanına çəkə, yaxud onun yalanlarına inananları yanında saxlaya bilər. Lakin insanları belə ucuz şoularla aldatmaq artıq çoxdan qeyri-mümkündür... 

Aslan 
Cebhe.info